Ağabala Quliyevə məxsus tarixi ev söküləcək? – FOTO + VİDEO
Binanın söküləcəyi haqqında məlumat geniş müzakirəyə səbəb olub.
Son günlər internet məkanda (sosial şəbəkələrdə, KİV, eləcə də müxtəlif forumlarda) “Un kralı” adı ilə məşhur olan sahibkar Ağabala Quliyevin evinin söküləcəyinə dair informasiya yayılıb.
Oxu.Az xəbər verir ki, məlumatda Bakıda “Sovetski” kimi tanınan ərazidə yerləşən tarixi abidənin söküləcəyi qeyd edilir.
Binanın söküləcəyi haqqında məlumat artıq bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edilir.
“Bakının “Sovetski küçəsi” kimi tanınan mərkəzi hissəsinin bərpa planı Abşeronun inkişafı üzrə Baş Planın əsas hissələrindən biridir. Bu ərazinin bərpası prosesində yeni yolların salınması, mövcud yolların genişləndirilməsi, yeni obyektlərin və yaşıllıq zonalarının yaradılması planlaşdırılır.
Təəssüf ki, söküləcək obyektlər siyahısına memarlıq abidələri də düşüb. Bu binalar Nazirlər Kabinetinin göstərişi ilə mühafizə edilən tarixi binalar siyahısından çıxarılıb. Bu binalardan biri isə 1899-cu ildə inşa edilmiş Ağabala Quliyevin evidir”, - məlumatda deyilir.
Bununla əlaqədar Azərbaycan Memarlar İttifaqına şərh üçün müraciət etdik. Memarlar İttifaqından bildirdilər ki, Ağabala Quliyevin evinin sökülməsinə dair məlumat həqiqətəuyğun deyil:
“Biz Murtuza Muxtarov 24 ünvanında yerləşən Ağabala Quliyevin evinin sökülməsi ilə əlaqədar material ilə tanış olduq. Bu informasiya həqiqətəuyğun deyil. Evin sökülməsinə dair heç bir sərəncam verilməyib”.
Xatırladaq ki, Bakıda “Un karalı” kimi məşhur olan Ağabala Quliyevin evi 1899-cu ildə inşa edilib. Memar Y.Y. Skibinski. Ünvan – Murtuza Muxtarov 24 (Persidskaya küç. Poluxin küç).
Mənbə:> Oxu.az