Azərbaycanın qlobal internet reytinqində yeri açıqlandı
Qırğızıstan, Tacikistan və Türkmənistan isə ilk yüzlüyə daxil ola bilməyib.
Azərbaycan dünya ölkələri üzrə internet istifadəçilərinin sayına görə 58-ci yeri tutub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu göstərici “Internet Live Stats” real zaman çərçivəsində hesablanan statistika layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, respublikada 6 mln.-dan çox insanın internetə çıxışı var, bu isə ölkə əhalisinin 61,1%-nə bərabərdir. Bu göstərici ötən ildən 1,2% (72 min) yüksəlib. Keçən il isə istifadəçilərin sayında artım 81 mindən artıq olub.
Reytinqə 721 milyon istifadəçi sayı ilə Çin liderlik edir. Daha sonra Hindistan (462 milyon internet istifadəçisi) və üçlüyü 287 milyon internet istifadəçisi ilə ABŞ tamamlayıb. Lakin üç lider ölkə arasında şəbəkədən istifadənin ən yüksək səviyyəsi ilə ABŞ seçilir.
MDB ölkələri arasında ən yüksək göstərici Rusiyaya məxsusdur. Qlobal reytinqdə altıncı sırada yerləşdirilən bu ölkədə ümumdünya “hörümçək” şəbəkəsinə vətəndaşların 102 milyondan çoxunun çıxışı var. Sıralamada Ukrayna (34), Özbəksitan (37), Qazaxıstan (43), Belarus (61) ardıcıllığı təşkil edir. Qırğızıstan, Tacikistan və Türkmənistan isə ilk yüzlüyə daxil ola bilməyib.
Mənbə:> Oxu.az