SOCAR “Günəşli” yatağında yeni quyu istismara verdi
Müəssisə 316 saylı quyunun qazılıb tamamlanması işini uğurla başa çatdırdı.
SOCAR-AQŞ ‘“Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2816 metr olan 316 saylı quyunun tikintisini uğurla yekunlaşdırıb.
Bu barədə Oxu.Az-a SOCAR-AQŞ-dən bildirilib.
7 saylı özülün Baş qazma ustası Famil İskəndərov 316 saylı quyuda qazma işlərinin yekunlaşdırılmasına münasibət bildirərək qeyd edir ki, yeni istismara verilmiş özüldə ilk quyunun uğurla qazılması əksəriyyəti gənc kadrlardan təşkil edilmiş briqadamız üçün çox önəmlidir.
“Ümidvaram ki, müəssisə əldə etdiyi zəngin təcrübəni digər quyuların qazılmasında da tətbiq edərək yeni uğurlara imza atacaqdır’’.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.
Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Mənbə:> Oxu.az