Azərbaycan Beynəlxalq atəşfəşanlıq festivalında mükafat qazanıb
İkigünlük festivalda ümumilikdə dünyanın müxtəlif ölkələrindən 8 komanda iştirak edib.
Azərbaycanın “Böyük Bayram - Bakı” pirotexnika şirkəti Moskvada “Rostex” Beynəlxalq atəşfəşanlıq festivalında II yeri qazanıb.
Oxu.Az bu barədə “Moskva-Bakı”ya istinadən xəbər verir.
Müsabiqənin Qran-prisinin sahibi Çin olub. Birinci yeri Qazaxıstan qazanıb. Üçüncü yerin sahibi isə Rusiya olub. Tamaşaçı rəğbəti mükafatı isə Portuqaliyaya nəsib olub.
Azərbaycan festivalda öz çıxışında fişənglər vasitəsilə ən çətin elementi – söz birləşməsini təqdim edən yeganə komanda olub.
“Brateyevsk kaskad” parkında keçirilən ikigünlük festivalda dünyanın müxtəlif ölkələrindən – Azərbaycan, Qazaxıstan, Çin, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniyadan olan 8 komanda iştirak edib. Ümumilikdə komandalar 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox atış həyata keçiriblər. Atəşfəşanlığın hündürlüyü 300 metr çatıb.
Mənbə:> Oxu.az