KİV: Ermənistan hökumətinin istefaya göndərilməsi məsələsi müzakirə edilir
“Ermənistan hakimiyyəti yaranmış vəziyyətdən çıxış yolu kimi bu günlərdə Nazirlər Kabinetinin istefası ehtimalını müzakirə edir. Hərçənd, polis binasını ələ keçirib hüquq-mühafizə orqanının əməkdaşlarını girov saxlayan silahlı qruplaşmanın üzvləri prezident Serj Sarkisyanın istefasını tələb edir”.
Oxu.Az xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb.
“Məlum olduğu kimi, Jirayr Sefilyan, üsyançılar və hökumət arasındakı danışıqlar zamanı hansısa üçüncü variant barədə bəyanat səslənib. Tərəflərin razılığa gələcəyi və hökumətin, bəzi güc strukturlarının rəhbərlərinin, məsələn, polis rəisi Vladimir Qasparyanın istefaya göndərilməsi ilə kifayətlənəcəyi istisna deyil. Serj Sarkisyan isə islahatlar barədə yeni vədlər verəcək”, - qəzet yazıb.
Nəşr, həmçinin Yerevanda polislərin girov götürülməsi kontekstində Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar çərçivəsində heç bir ərazi güzəştinə getməyəcəklərini söz verəcəyini də istisna etmir.
“Bu yolla o, danışıqlar zamanı vasitəçilərə ölkə daxilindən təzyiqlə üzləşdiyini göstərməyə çalışacaq”, - “Aykakan jamanak” yazıb.
Mənbə:> Oxu.az