Rusiya istehsallı avtomobillər kəskin ucuzlaşıb
Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb.
Oxu.Az fins.az-a istinadən xəbər verir ki, son dövrdə bu avtomobillərə Azərbaycan bazarında tələbat azalıb. Hətta yollarda da bu avtomobillərə az-az rast gəlinir.
Rusiya avtomobillərini yol polisinə görə satırlar
Alsat.az saytının rəhbəri Vaqif Hüseynovun sözlərinə görə, bunun bir neçə səbəbi var. Belə ki, Rusiya istehsalı olan avtomobillər, xüsusilə də “VAZ 2107” və “Niva”larla bağlı “avtoxuliqan avtomobili” təəssüratı formalaşıb. Buna əsaslanan yol polisləri “VAZ 2107”, “Niva” və digər Rusiya istesalı olan avtomobilləri daha çox saxlayaraq nöqsan tapmağa çalışırlar. Qaydalara riayət edən “VAZ 2107” sürücüləri isə bu tipli yoxlamalardan yorulublar.
V.Hüseynovun sözlərinə görə, sürücülərin böyük hissəsi məhz buna görə Rusiya istehsalı olan avtomobillərdən yaxa qurtarmağa çalışırlar. Nəticədə satış elanı verən “VAZ” sahiblərinin sayı artıb. Məsələn, may ayında Rusiya istehsalı olan ikinci əl avtomobillərlə bağlı elanlarının sayı 50-yə yaxın idisə, indi bu rəqəm 80-nə qədər yüksəlib. Bu avtomobillərlə bağlı satış elanlarının hədsiz artması isə təbii ki, qiymətlərə təsir edib.
Türkiyədə istirahət etmək istəyənlər “VAZ 2107”lərini satırlar
Bundan əlavə, maraqlıdır ki, sürücülərin bir hissəsi yayı Türkiyədə və digər ölkələrdə istirahət etmək üçün 2000-2500 manatlıq avtomobillərini satmağa çalışırlar. V.Hüseynov bildirib ki, son bir neçə gündə saytda elan yerləşdirən 5-6 müştəri “VAZ 2107”lərini satmalarını istirahətə getmələri ilə əsaslandırıblar.
4000 min manatlıq “VAZ 2107” 2000 manata düşüb
V.Hüseynovun sözlərinə görə, bazarda bu avtomobillərə tələbatın azalması da qiymətlərə kəskin təsir edib. Nəticədə may ayında 4 min manata satılan Rusiya istehsallı avtomobilləri indi 2000-2500 manata almaq olar. Buna “VAZ 2107”, “VAZ 2106”, “VAZ 21011”, “Niva” modellərini aid etmək olar.
Məsələn, hazırda 2000-2002-ci illər “VAZ 2107” avtomobilləri 2000 manata almaq olar. “VAZ 2106” modelləri 3500 manatdan 1700-1800 manata kimi ucuzlaşıb. Buna baxmayaraq, ikinci əl Rusiya avtomobillərini alan yoxdur. Alıcılar daha çox avtomobil alverçiləridir. Onlar yaranan fürsətdən istifadə edərək 2 min manata avtomobil alıb. Üzərində kiçik kosmetik təmir aparmaqla avtomobili bazardakı qiymətlərdən xəbəri olmayan müştərilərə 3000-3500 manata satırlar.
Smartfon qiymətinə avtomobil
Sayt rəhbərinin sözlərinə görə, indi hətta bəzi işlək vəziyyətdə olan Rusiya avtomobillərini smartfon qiymətinə almaq mümkündür. Belə ki, 1995-2000-ci il model “VAZ 2106”, “VAZ 2107”, “VAZ 21011” və furqon “VAZ 2104”lər 2000-2500 manatdan 1000-1500 manata kimi ucuzlaşıb:
“İndi hətta avtomobilin qiymətini soruşanda “telefon qiymətinə”, - deyə cavab verirlər”.
“Rusiya avtomobilləri ucuzlaşmaqda davam edəcək”
V.Hüseynov hesab edir ki, yay mövsümü ilə əlaqədar olaraq ikinci əl Rusiya avtomobilləri sentyabr ayına kimi daha 10-20% ucuzlaşacaq. Avtomobil bazarında digər modellərin qiymətləri ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Belə ki, 5-10 min manatlıq “Mercedes” və digər markalara tələbat yüksəkdir. Ona görə də bu avtomobillərin qiymətlərində enmə müşahidə edilmir.
Mənbə:> Oxu.az