“Nabat” filmi Yaponiyada
Bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən anım tədbirləri sırasına film nümayişi əlavə olunub. “Müharibə və sülh” adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş altı film dəvət alıb.
“Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, bu filmlər arasında Elçin Musaoğlunun çəkdiyi Qarabağ müharibəsi mövzusunu əks etdirən “Nabat” bədii filmi də vardır.
Ümumdünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri ənənəvi anım məkanı olan Xirosima Memorial Sülh Parkında keçiriləcək.
Film ingilis və yapon altyazıları ilə təqdim olunacaq. Nümayişlərdə faciə qurbanlarının qohumları, dövlət rəsmiləri, anım tədbirinin qonaqları və şəhər sakinləri iştirak edəcəklər.
“Nabat” bədii filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.
Qeyd edək ki, beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan “Nabat” filmi 30-dək xarici festivalda iştirak edib, on iki mükafata layiq görülüb.
Mənbə:> Oxu.Az