Avtomobillərin köhnə ehtiyat hissələri bahalaşacaq
Bakının Babək prospektində fəaliyyət göstərən “maşın bazarı”nda baş verən yanğın ilə əlaqdar olaraq avtomobillərin köhnə ehtiyat hissələri 30-40%-ə qədər bahalaşa bilər.
Bu barədə Oxu.Az-a açıqlamasında avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkar İlqar Absalamov bildirib.
“Yanan maşın bazarında əsasən köhnə avtomobillərin ehtiyat hissələri satılırdı. Onlar da baş verən yanğın nəticəsində məhv olub. Avtomobillərin köhnə ehtiyat hissələrini almaq istəyənlər Sumqayıt bazarından onu alıb, üzərinə əlavə pul qoyub Bakıda satmalıdırlar. Bu isə əlavə xərc deməkdir. Bununla əlaqədar olaraq gözlənilir ki, avtomobillərin köhnə ehtiyat hissələri 30-40%-ə qədər bahalaşsın”.
O, həmçinin əlavə edib ki, avtomobillərin yeni ehtiyat hissələrinin bahalaşması gözlənilmir.
Qeyd edək ki, dünən axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən “maşın bazarı”nda baş verən yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.
Mənbə:> Oxu.Az