Azərbaycanda özəl baytarlar fəaliyyət göstərəcək
Kənd Təsərrüfatı Nazirliyi (KTN) baytarlıq xidməti çərçivəsində islahatların aparılması üçün yeni addım planlaşdırır.
Oxu.Az nazirliyə istinadən xəbər verir ki, dövlət büdcəsi hesabına çalışan sahə baytarlıq məntəqələri ilə yanaşı, özəl xidmət göstərən baytar həkimlərin fəaliyyətlərinin də mexanizmi hazırlanır.
Məqsəd qida təhlükəsizliyinin təminatını yüksək səviyyəyə çatdırmaq, heyvan sağlamlığını yaxşılaşdırmaq, daha savadlı baytar kadrların yetişməsinə dəstək vermək və büdcədən baytarlıq xidmətinə yönəldilən vəsaitin səmərəli istifadəsinə nail olmaqdır.
Bu məqsədlə KTN ilə Dünya Bankının birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində beynəlxalq məsləhətçi fəaliyyətə başlayıb və ilkin tövsiyələrini nazirliyə təqdim edib.
Nazirliyin mütəxəssisləri özəl baytarlıq xidməti fəaliyyətinin tətbiqi üçün dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş modellərlə tanış olublar. Azərbaycan üçün ən uyğun modelin mərhələli keçid olduğu qərara alınıb.
Belə ki, KTN seçilmiş pilot rayonlarda dövlət baytarlıq məntəqələri ilə parallel olaraq özəl baytarlıq xidmətlərinin də fəaliyyətə başlamasına şərait yaradaraq dəstək verəcək.
Mənbə:> Oxu.Az