Azərbaycanın sərhəd rayonları baytarlıq nəzarətinə götürülüb
Dövlət Xidməti sahibkarlara tövsiyələrini verib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) iyun ayının əvvəlindən ölkə üzrə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayıb.
Xidmətdən Oxu.Az-a verilən məlumata görə, respublikada dabaq xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi heyvanlar arasında xəstəliyin qarşısının alınması və epizootoloji sabitliyin təmin edilməsidir.
Bununla bağlı olaraq, Dövlət Xidməti bu günlərdə iribuynuzlu heyvanlar arasında start verilmiş dabaq xəstəliyinə qarşı aparılan tədbirin mütəşəkkil səviyyədə həyata keçirilməsi üçün əməkdaşlarını bölgələrə ezam edib.
Xidmətdən qeyd edilib ki, son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizlə həmsərhəd olan dövlətlərdə dabaq virusunun yeni A (Genotype VII) serotipi yayılıb. Qonşu ölkələrdə (Ermənistan, İran və s.) bu xəstəliyin alovlanmasının mövcudluğu infeksiyanın Azərbaycan Respublikasına keçməsinə təhlükə yaradır.
Xidmətdən həmçinin bildirilib ki, Azərbaycan tərəfi Türkiyə Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib:
“Dabaq xəstəliyinin yeni tipinin ölkəmizə keçməməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin ŞAP İnstitutu tərəfindən istehsal edilən yeni vaksinin alınması üçün Türkiyə Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.
Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi bu müraciəti dəyərləndirərək ölkəmizə qardaşlıq yardımı olaraq 500 min doza miqdarında dördvalentli dabaq vaksini vermişdir.
Yardım kimi gətirilmiş vaksinlər ilkin olaraq İran, Ermənistan, Gürcüstan dövlətləri ilə həmsərhəd olan rayonların sərhəd yaşayış məntəqələrində saxlanılan heyvanlara tətbiq olunur və tam nəzarət həyata keçirilir”.
“Hazırda dabaq xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir”, - deyə Xidmətdən bildirilib.
Bu sabitliyin qorunması və davamlı olması məqsədi ilə Dövlət Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər.
Mənbə:> Oxu.Az