Təhsil Nazirliyi də “NAZ” alanların sırasına qoşuldu
Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomobillər Azərbaycandadır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Modern.az-a “NAZ”-ın icraçı direktoru Musa Abdullayev bildirib.
Onun sözlərinə görə, ilkin olaraq ölkəyə 130 ədəd avtomobil gətirilib:
“Bunlar “320” modelinə aid avtomobillərdir. Artıq avtomobillər sifarişçilərə çatdırılır”.
M.Abdullayevin sözlərinə görə, budəfəki sifarişçilərin arasında Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, qeyri-hökumət təşkilatları var.
Buna qədər “Gəncə Avtomobil Zavodu”, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti” və “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding” də “NAZ” alanlar sırasına qoşulub.
Naxçıvan Avtomobil Zavodu hazırda 8 modeldə minik avtomobili istehsal edir.
Bunlar “NAZ-lifan” 720, “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir.
“NAZ-lifan” 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan” 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Mənbə:> Oxu.Az