Bakıda şübhəli sürücü peyda olub
Bakı sakini Sabir Süleyman redaksiyamıza müraciət edərək, övladlarının başına gələn və ciddi təhlükədən xəbər verən şübhəli hadisə barədə məlumat verib: "Bu il mayın 13-də (cümə günü) Yeni Ramanada Samir Əliyev küçəsində, yol qırağındakı dayanacaqda tanımadığımız şəxs maşını saxlayaraq məktəb avtobusunu gözləyən məktəbli övladlarım İbrahimə (3-cü sinif) və Əsmaya (2-ci sinif) əyləşmələrini deyib. Bu zaman dayanacaqda dayanan bir kişi uşaqlara "əgər tanımırsızsa, oturmayın" deyib.
Maşındakı şəxs övladlarıma bir neçə dəfə deyib ki, maşına otursunlar, lakin uşaqlar oturmayıblar.
Bu gün məcburən uşaqlarımı məktəbə özüm apararaq müəllimələrinə və məktəb avtobusunun sürücüsünə bu hadisə haqda məlumat verdim. Sonra da polis bölməsinə gedərək bu haqda məlumat verdim. Sabah isə sahə müvəkkili ilə də görüşüb bu haqda danışacağam".
Uşaqların sözlərinə görə, maşın qara rəngdə, arxa şüşələri isə qara "plyonkalı" olub.
Valideyn qeyd edib ki, öz övladlarına olan diqqət və qayğı ilə yanaşı, bu barədə ictimaiyyətə də məlumat verməsini özünə borc bilir: "Azərbaycan xalqını belə hadisələrdən xəbərdar edin ki, hər kəs belə hadisələrdən xəbər tutub ayıq-sayıq olsun".
Mənbə:> Milli.az