Bakı metrosunda sərnişin qatarla toqquşdu
Dünən Bakı Metropolitenində bədbəxt hadisə baş verib.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən Oxu.Az-a verilən məlumata görə, “28 May” stansiyasında qatar sərnişini vurub.
Nəsimi Paşayevin sözlərinə görə, dünən saat 18:32-də “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən 41 saylı qatar platformadan hərəkətə keçəndə qatarın arxa güzgüsü 1997-ci il təvəllüdlü Hüseynov İbrahim Zöhrab oğluna dəyib.
Sərnişinin qatarla toqquşmasına səbəb sərnişinin təhlükəsizlik xəttini keçməsi olub:
“Hadisə sərnişinin diqqətsizliyi ucbatından baş verib. Vətəndaş telefonla danışa-danışa təhlükəsizlik xəttini keçib və nəticədə onun başı qatarın arxa güzgüsünə dəyib”.
O, aldığı xəsarətdən huşunu itirib. Dərhal hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. İ.Hüseynov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:
“Hadisə yerinə təcili tibbi yardım çağırılıb və sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib”.
Mənbə:> Oxu.az