“Avtovağzal”a gedənlərə şad xəbər
Yeni istifadəyə verilən “Avtovağzal” metro stansiyasının açılışı ilə bağlı mayın 12-dən Bakı Nəqliyyat Agentliyi metro stansiyası ətrafındakı sərnişin sıxlığını nəzərə alaraq sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə “BakuBus” MMC-nin yeni 13 nömrəli marşrut xəttinin istifadəyə verilməsi və 2, 14 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasının uzadılması ilə bağlı qərar verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova AzərTac-a deyib.
İlkin mərhələdə 13 nömrəli marşrut xətti üzrə mayın 12 və 13-də sınaq rejimində 8 ədəd avtobus xidmət göstərəcək. Mayın 15-dən isə marşrut xətləri tam rejimdə fəaliyyət göstərəcək.
2 və 14 nömrəli marşrut xəttinın Cəfər Cabbarlı Kinostudiyası, Moskva prospekti, Biləcəri dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət trayektoriyası uzadılıb.
Bakı Nəqliyyat Agentliyi gələcəkdə də sərişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə optimallaşdırma işlərini davam etdirəcək.
Mənbə:> Qafqazinfo.az