Elgizin verilişindəki söyüşə MTRŞ-dan rəsmi cavab - VİDEO
“Bu gün bu barədə rəhbərliyə yazılı məlumat vermişik. Hazırda məsələ ilə bağlı qurumda araşdırma aparılır. Ekspertizanın nəticəsi yaxın zamanda bəlli olar. Bütün hallarda efirdə baş verən nöqsanlara görə, yayımçı məsuliyyət daşıyır”.
Bu sözləri AZXEBER.COM-a ANS TV-nin efirində “Adam içində” verilişində səsləndirilən söyüşlə bağlı fikirlərini açıqlayan Milli Teleradio Şurasının Monitorinq Şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib:
“Monitorinq Şöbəsinin əməkdaşları verilişi izləyib. Bundan sonra hazırladığımız məlumatı Şuranın rəhbərliyinə bu gün yazılı təqdim etmişik. Hazırda bu məsələ qurumun mütəxəssisləri tərəfindən araşdırılır. Ekspertizanın gələcəyi nəticədən sonra addım atılacaq. Bütün hallarda efirdə səsləndirilən, baş verən bütün nöqsanlara görə, yayımçı məsuliyyət daşıyır. Teleradio yayımı haqqında qanunun 26.5-ci maddəsinə görə, proqramın (verilişin) yayımına teleradio yayımının rəhbəri və ya onun təyin etdiyi şəxs icazə verir, həmin şəxs proqramın keyfiyyətinə və məzmununa görə məsuliyyət daşıyır”.
Qeyd edək ki, gəlinən nəticədən asılı olaraq, bu kimi hallarda MTRŞ TV-lərə qarşı iki istiqamətdə addım atır - şifahi xəbərdarlıq edilir və ya pul cəzası tətbiq edilir.
“Konkret hansı zaman kəsiyində TV ilə bağlı addım atılacaq?” sualına isə müsahibimin cavabı belə oldu: “Qaydalara görə, 2 ay ərzində tədbir görülə bilər”.
Xatırladaq ki, “ANS” TV-nin efirində yayımlanan “Adam içində” verilişində söyüş söyülüb. Verilişdə şikayətçi qismində iştirak edən şəxs canlı yayımda söyüş söyüb. Aparıcı Elgiz Əkbər şikayətçinin sözünü kəsərək ona canlı efirdə olduqlarını xatırladıb.
Mənbə:> AZXEBER.COM