Gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsi başa çatdı – FOTO
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə 2016-cı ilin aprel – may aylarında Gənc kamança ifaçılarının Habil Əliyev adına I respublika müsabiqəsi keçirilmişdir. Müsabiqənin əsas məqsədi milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi, həmçinin kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və onların dəstəklənməsidir.
AzNews.info xəbər verir ki, müsabiqə 2 turdan ibarət olmaqla 3 yaş qrupunu əhatə etmişdir. Respublikamızda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərdən, musiqi və humanitar kolleclərdən, Bülbül adına orta ixtisas musiqi məktəbindən 150-ə yaxın şagird və tələbə müsabiqədə iştirak etmişdir.
Müsabiqənin I turu Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Goranboy, Ağcabədi rayonlarında keçirilmişdir. I turda müvəffəqiyyətlə iştirak edən 53 şagird və tələbə II tura keçmişdir, müsabiqənin II turu Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində baş tutmuşdur.
Müsabiqə iştirakçılarının çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Manafovdan ibarət münsiflər heyəti qiymətləndirmişdir.
Müsabiqədə uğurla çıxış etmiş şagird və tələbələr, onların müəllim və konsertmeysterləri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Diplom, Fəxri fərmanlar və mükafatlar təsis olunmuşdur. Qaliblərin mükafatlandırılması və yekun konserti 25 may 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində olacaqdır.
Mənbə:> AzNews.info