“Euronews” Şəki ilə bağlı reportaj hazırladı – VİDEO
Mərkəzi Fransada olan dünyanın nüfuzlu xəbər telekanalı “Euronews”da Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı reportaj yayımlanıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən festivala qatılan sənətkarlar qədim el sənətləri barədə “Euronews” müxbirinə ətraflı məlumat veriblər. Azərbaycan qutabı barədə məlumatı isə kanal əməkdaşı şəxsən təqdim edib.
Xatırladaq ki, aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.
Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymenov, beynəlxalq təşkilatlardan, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilib.
Mənbə:> Oxu.Az