Ağdam sakini: Qəfildən eşidilən güclü partlayış səsindən qorxduq – FOTO
Erməni silahlı birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə 100-dən artıq mərmi düşüb.
AzNews.info xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, mərmilərin partlaması nəticəsində ümumilikdə 91 evə ziyan dəyib, o cümlədən 1 ev yanıb, 14 ev dağılıb. Ermənilərin atəşi nəticəsində mülki əhalidən 7 nəfər yaralanıb, 2 nəfər dünyasını dəyişib.
Rayonun ən çox ziyan dəyən kəndlərindən biri də Qaradağlı kəndidir. Düşmənin atəşi zamanı kənddə 6 ev dağılıb, 47 evin dam örtüyünə, qapı-pəncərəsinə, yardımçı binalara, əhalinin mülkiyyətinə və təsərrüfata ziyan dəyib. Kənddəki tam orta və uşaq musiqi məktəblərində tədris prosesi pozulub.
Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində kənddə dağılan evlərdən biri Elməddin Həsənova məxsusdur. E.Həsənov mərminin evə düşdüyü vaxt qonşuda olduğunu deyib:
“Qəfildən eşidilən güclü partlayış səsindən qorxduq. Bayıra çıxanda gördük ki, evimiz artıq dağılıb. Şükür ki, mərmi düşən zaman evdə olmamışıq”.
Düşmənin atdığı mərminin biri də Rəşad Əliyevin həyətinə düşüb. Rəşad Əliyev həmin anı belə xatırlayır:
“Evin qarşısında oturub telefonla danışırdım. Bu zaman 25 metr kənarda güclü partlayış oldu. Partlayışın təsirindən yıxıldım. Qəlpələr əynimdəki paltarı bir neçə yerdən deşsə də mənə, həmçinin ailə üzvlərimə bir şey olmadı. Amma evimizə, həyətdəki yardımçı binaya, hasar və darvazaya xeyli ziyan dəyib”.
Ermənistan silahlı birləşmələrinin atəşkəsi mütəmadi pozması, cəbhəyanı kəndləri artilleriya atəşinə tutması kənd təsərrüfatına da xeyli ziyan vurub. Atılan mərmilərin xeyli hissəsi əkin sahələrinə düşüb. Taxıl və tərəvəz sahələrinə, meyvə ağaclarına ziyan dəyib. Hazırda yaz tarla işlərinin aparılmalı olduğu vaxtda əhali təsərrüfatlarda işləyə bilmir.
Mənbə:> AzərTAc