6 təkərli “Hummer” Bakı-Quba yolunda belə yandı – VİDEO
Ötən bazar günü, martın 20-də Bakı-Quba yolunun Siyəzən şəhəri yaxınlığından keçən hissəsində altıtəkərli, tüninq olunmuş “Hummer” avtomobili hərəkətdə olarkən qəfil alışıb və tamamilə yanıb.
AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Avtomobil “BİZON” energetik içkilərinin Azərbaycan distributoruna məxsus olub və şirkətin qadın əməkdaşı tərəfindən idarə edilirmiş.
Hadisənin səbəbləri barədə sosial şəbəkələrdə çoxsaylı şaiyələr və versiyalar yayılıb. Avtomobilin salonunda quraşdırılmış videoreqistratorun qeydə aldığı görüntülərə əsasən yanğından az əvvəl sürücü qız yanındakı rəfiqəsi ilə rahat söhbət edir.
Birdən avtomobildən zərbə səsinə oxşar səs gəlir və sürücü ratsiya ilə onları müşaiyət edənlərə avtomobilin idarəetməsini itirdiyi, mühərrikdə yağın təzyiqinin aşağı düşdüyünü bildirir. Həmin vaxt avtomobil saatda 100 kilometr sürətlə hərəkət edirdi.
“Hummer”i müşaiyət edən maşındakı şəxs dərhal sürücüyə yoldan kənara çıxıb maşını saxlamaq barədə təlimat verir.
Daha sonra onu avtomobilin alışdığı haqda xəbərdar edir. “Səndən sağ tərəfdən alov çıxır” sözlərini eşidən sürücü qız panikaya düşür, ancaq “Hummer”i yolun kənarına çəkib saxlayır.
Müşaiyət edən avtomobildən çıxan şəxs yanğınsöndürmə balonu ilə yanğına müdaxilə etməyə çalışsa da alov sürətlə “Hummer” bürüyür. Daha sonra hadisə yerinə yanğınsöndürənlər gəlir. Ancaq yanğını söndürmək mümkün olmur və avtomobil yanaraq sıradan çıxır.
Mənbə:> Virtualaz.org