II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı başa çatıb – FOTO
14-16 mart tarixlərində Ağsu rayonunun Gəgəli kəndində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Sarılı şirkətinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilib. Festivalın keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu rayonu İcra Hakimiyyəti, Azərbaycan Fotoqrafları Birliyi və Allprint şirkəti dəstək veriblər. Festivala Azərbaycan, Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, Qazaxıstan, Norveç, Yəmən, İndoneziya və Myanmadan olan 300-dən çox iştirakçı qatılıb.
AzNews.info nazirliyə istinadən xəbər verir ki, festivalın birinci günü açılış mərasimi olub. Əvvəlcə festival boyunca açıq olan sərgi-yarmarkaya baxış keçirilib. Sərgidə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində toxunmuş xalça və palazlar, mafraş, namazlıq və hədiyyəlik nümunələr, Ağsu şəhərində hazırlanan musiqi alətləri və tikmələr, İsmayıllı şəhərində xalq tətbiqi sənət əsərləri, Misir Mədəniyyət Mərkəzinin Misir incəsənəti materialları, əntiq əşyalar, içərisi döşənmiş tərəkəmə çadırı, at arabası, MİRAS İctimai Birliyinə məxsus müxtəlif rəssamların çəkdiyi rəsm əsərləri, Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası və Nərgizava abidəsindən aşkar olunan arxeoloji materiallar nümayiş olunub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əməkdaşı Aynur Dəmirovanın rəhbərliyi altında kollecin tələbələrinin əsərləri sərgilənib, tələbə Ofelya Musayeva festival meydanında rəsm əsərləri çəkərək təşkilatçılara və qonaqlara hədiyyə edib. Tərəkəmə çadırının qarşısında qutab və yuxa bişirilməsi marağa səbəb olmuş, rəngarəng görüntülər alınmışdır. Evdə qurulmuş iki xanada Simuzər Xəlilova və Əntiqə Həsənovanın toxuduğu palaz namazlıqlar də sərgi-yarmarkada yer alıb.
Festivalı açıq elan edən MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli təşkilatçıların məqsəd və məramı haqqında qısa məlumat verib. O, bildirib ki, festivalın türk xalqlarının ənənələrinin təbliğində, ümumdünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində böyük əhəmiyyəti var. Habelə 2016-cı il Multikulturalizm ilinə həsr olunmuş festival dövlət, özəl və ictimai sektorun tərəfdaşlıq və dəstəyi baxımından da mühüm hadisədir. O, Mədəniyyət və Turizm Nazirliyi və Ağsu rayonu İcra Hakimiyyətinə festivalın keçirilməsinə verdikləri dəstəyə görə minnətdarlıq edib. Tərəkəmə Çərşənbəsi haqqında danışan Fariz Xəlilli türk obalarının Axır çərşənbə günü ev heyvanlarını iki odun arasından keçirməsinin özəlliyini qeyd edib. Azərbaycanın bir çox obalarında bu hadisənin təzahürləri görünsə də ən yaxşı şəkildə Şirvan bölgəsinin oğuz türk obalarından olan Axtaçı obasına məxsus Ağsu rayonu Gəgəli kəndində saxlanıldığı bildirilib. MİRAS İctimai Birliyi tərəfindən ilk dəfə Tərəkəmə Çərşənbəsi haqqında 2011-ci ildə film çəkmiş, 2015-ci ildən isə Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirir. Hədəf gələcəkdə multikultural dəyərlərin yaşayan və yaşadılan örnəyi kimi Tərəkəmə Çərşənbəsi ənənəsini UNESCO-nun qeyri-maddi mədəni irs ilkin siyahısına daxil edilməsinə nail olmaqdır.
Sonra Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev kəndə gələn yerli və xarici qonaqları salamlayıb, onlara festivala göstərdikləri maraq üçün minnətdarlıq edib. Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandost Asanov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri müdiri Murat Karaçanta, Misir Mədəniyyət Mərkəzinin sədri, Dr. Əhməd Sami Elaydi, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, Norveç Krallığının Azərbaycandakı səfiri Bard İvar Svendsen, Hindistanın Azərbaycandakı səfirliyinin konsulu Amit Pandey və digər qonaqlar çıxış edərək Novruz, İlaxır çərşənbə, türk-islam mədəniyyətinin zənginliyi haqqında fikirlərini bölüşüb, iştirakçıların bayramını təbrik ediblər. Azərbaycan Fotoqrafları Birliyinin üzvü Fərqanə Qasımlı hazırladığı "Tərəkəmə Çərşənbəsi - 2015" filmini təqdim edib.
Festivalda yerli və müxtəlif ölkələrin folklor qrupları çıxış ediblər. Ağsu şəhəri Mədəniyyət Mərkəzinin musiqi qrupu Pərviz Osmanovun rəhbərliyi altında bütün festival boyunca digər qrupları müşaiyət edib, öz maraqlı proqramlarını təqdim ediblər.
Əvvəlcə İzmir Böyükşəhər Bələdiyyəsinin Gənclər və İdman Dərnəyinin rəqqas üzvləri "Zeybek" rəqsini təqdim ediblər. Maraqla qarşılanan türk efelərinin rəqsini "Kafkas" rəqsi davam etdirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Azərbaycanın milli rəqslərini ifa ediblər.
MİRAS Musiqi qrupunun üzvləri Ruslan Adgözəlov, Cahandar Mikayılov, Ruslan Zərbəliyev, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri muğam dəstgahı ilə çıxış ediblər.
Gürcüstanın "Kartvelo" qrupu maraqlı proqramla gürcü musiqilərini təqdim ediblər.
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri "Kosa və Keçəl", "Çoban və Pəhləvan" tamaşalarını nümayiş etdirib, kompozisiya təqdim ediblər.
"Best of İndia" rəqs qrupunun üzvləri Şəbnəm Kumari və Avtar Singh hind milli rəqslərini ifa ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin tələbələri dram rejissoru kafedrasının əməkdaşı Şəhla Heydərlinin rəhbərliyi altında maraqlı Novruz kompozisiyası ilə çıxış edib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin Könül Baxışlı və Elmir Ağayevin rəhbərliyi altında bədii kompozisiyalar, musiqi parçaları, "Çoban" və "Səməni" rəqsləri təqdim olunub. Kollecin müəllimi Nazir Əkbərov pəhləvanlara məxsus parçalar nümayiş etdirib.
Qafqaz Universitetinin Türkiyə, Türkmənistan, Yəmən, İndoneziya və Myanmadan olan tələbələri öz milli geyimlərini nümayiş etdirib, foklor nümunələrini təqdim ediblər.
Şamaxı Mədəniyyət Mərkəzinin musiqi qrupunun üzvləri milli musiqi alətlərimizdə musiqi parçaları ifa ediblər. Ağsudan Aşıq Məhəmməd Şirvanlı, Ağsunun Bico kəndindən Aşıq Amil Dadaşov, Tovuzdan gənc aşıq Şəmşəd Məmmədov saz çalıb, söz söyləyiblər.
Festivalın ikinci günü MİRAS üzvləri Şölə Bayramova və Nərgiz Qarayevanın hazırladığı milli oyunlar əsasında yarışma təşkil olunub. Qolgüləşdirmə, Qaşıqda yumurta daşıma, Kəndirdartma oyunlarında qaliblər müəyyənləşdirilib. İştirakçılar müxtəlif milli rəqsləri birlikdə ifa ediblər, xarici qonaqlar da onlara qoşulublar.
Festivalın bədii hissəsi bitdikdən sonra Axır çərşənbə tonqalı qalanmış, iştirakçılar tonqaldan tullanmışlar. Daha sonra iştirakçılar 3 qrupa bölünərək kənddəki 3 evdə oturmuş, çillə çıxarmışlar. Onlar kənd evlərinə qurşaq tullamış, kənd sakinləri görüşmüş, evlərində qonaq olmuş, müxtəlif oyunlar oynamış, hekayələr dinləmişlər.
Festivalın sonunda iştirakçılara sertifikatlar və hədiyyələr verilib.
Ege Foto və Kino Həvəskarları Dərnəyinin üzvləri, Gürcüstan Fotoqrafları Asossasiyasının üzvləri, Azərbaycan Fotoqrafları Birliyinin üzvləri və Azərbaycanın peşəkar fotoqrafı Məmməd Rəhimov festival zamanı maraqlı fotoçəkilişlər ediblər.
Festivalın sonunda III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalının keçirilməsi qərara alınıb.
Mənbə:> AzNews.info