Bakıda şok olay: Təcavüz etdiyi qıza elçi göndərdi
Oğlan dostları ilə bərabər təcavüz etdiyi qıza elçi göndərdi
Bu günlərdə Bakıda şok olay yaşanıb. Xəbər verdiyimiz kimi bir müddət əvvəl Yasamal rayon sakini Maya Cəfərova (ad şərtidir A.A) azyaşlı qızının bir neçə nəfər tərəfindən kütləvi olaraq cinsi təcavüzə məruz qalması faktı ilə Cebhe.info-ya müraciət etmişdi. Azyaşlı qızına təcavüz edilən Maya Cəfərovanın (Ad şərtidir A.A) evinə qarşı tərəfin ailəsi cəzadan azad olunmaq üçün elçi göndərib.
Bu barədə məlumatı kütləvi təcavüzə məruz qalan 14 yaşlı qızın anası Maya Cəfərova məlumat verib.
Onun sözlərinə görə, qızı Nailə Cəfərovaya (Ad şərtidir A.A) dostları ilə birlikdə təcavüz edən Emin Qara oğlu Alıyevin anası onların evlərinə elçi göndərib. Məqsəd isə oğlunu bir gün sonra çıxarılacaq məhkəmə hökmündən azad edilməsinə nail olmaq olub: “Mən evdə yox idim. Emin Alıyev və Hüseyn İsmayılovun məhkəmə hökmünə bir gün qalmış Eminin anası qızıma elçi gəlib. Bunu mənə evdəkilər xəbər verdilər. Sonradan evə gəldim və günahkarın anası ilə görüşdüm. Bildirdim ki, qətiyyən belə bir şey ola bilməz. Hər halda bu məsələdən sıyrılıb çıxmaq üçün belə bir addım atıblar. Necə ola bilər ki, qızımın başına dostları ilə birgə oyun gətirən adama qızımı həvalə edim? Qadın bildirdi ki, bu hadisədən pis olublar və oğlu uşaqlıq edib. “Qızı istəyirik”, “alırıq”, “Hər şeyi arxada qoyub bu məsələni həll edək”, “ailə qursunlar” kimi sözlər dedi. Mən isə razılıq vermədim və bildirdim ki, belə bir şeyin olması mümkünsüzdür”.
Xatırladaq ki, 14 yaşlı Nailə Cəfərova Emin Qara Alıyev, Hüseyn İsmayılov və Hacı Məmmədov tərəfindən aldadılaraq təcavüzə məruz qalıb. Emin Alıyev və Hüseyn İsmayılov 7 il azadlıqdan məhrum edilib. Hacı Məmmədov isə hələ azadlıqdadır.
Maya Cəfərovanın sözlərinə görə, bir aydır ki, hüquq-mühafizə orqanları Hacı Məmmədovun həbs olunacağını bildirsələr də, hələlik bu məsələdə dəyişiklik yoxdur.
Şikayətçi iddia edir ki, Hacı Məmmədovun verdiyi izahat dəyişdirilib.
Bu gün isə Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə həbsdə olan Emin Əliyev və Hüseyn İsmayılovun apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib. Maya Cəfərova deyir ki, günahkarlar bildiriblər ki, ittiham olunduqları maddə ilə özlərini təqsirli hesab etmirlər: “Hər ikisi deyir ki, özümüzü günahkar hesab etmirik. Ona görə də hər ikisi apellyasiya şikayəti verib. Həmin məhkəmədə mən də iştirak edirdim və fikrimi bildirdim. Dedim ki, belələri cəmiyyətdən təcrid olunmalı olduqları halda, şikayət ərizəsi təqdim ediblər. Bu məsələdə adı hallanan, yəni qızımı şantaj edən Rəhmanın məsələsi ilə bağlı material toplanır. Sadəcə bir dəfə ondan ifadə alınıb. Əslində bu işi elə bərbad vəziyyətə qoyublar ki, artıq özüm də onun dalınca getmək istəmirəm. O mənada ki, əvvəlki izahatları dəyişmək istəmirlər. Mən bildirmişdim ki, işə xitam verilsin və yenidən araşdırılsın”.
Zərərçəkmiş qeyd edib ki, cinayət əməlinə obyektiv yanaşılması üçün artıq xeyli instansiyalara müraciət olunub: “Respublika Prokurorluğu, bütün orqanlar bu məsələni nəzarətə götürüb. Həmçinin Nazirlər Kabinetinə getmişik. Mədət Quliyevin, Ziyafət Əsgərovun qəbuluna düşmüşük. Hətta Vaqif Axundova yazılı müraciət ünvanlamışıq. Yalnız Ramil Usubovun qəbuluna düşə bilməmişik”.
Xatırladaq ki, 14 yaşlı Nailə Cəfərova (ad şərtidir-A.A) Emin Qara oğlu Alıyev, Hüseyn Xalıq oğlu İsmayılov və Hacı Taleh oğlu Məmmədov tərəfindən aldadılaraq təcavüz edilib.
Hadisədən sonra 14 yaşlı qız Emin və dostları tərəfindən hər dəfə videogörüntülərini yayılacağı ilə şantaj olunub. Dəfələrlə Emin və dostları – Hüseyn, Rəhman, Murad və Məmmədəli tərəfindən şantajlara məruz qalan, görüntülərin yayılmaması üçün ondan dəfələrlə pul tələb edilən Nailə Cəfərova barəsində bir neçə dəfə sosial şəbəkələrdə məlumatlar yayılıb. Zərərçəkmişin ailəsinin polisə müraciəti əsasında iş Yasamal rayon Polis İdarəsində araşdırılıb və məhkəməyə göndərilib.
Mənbə:> Cəbhə.info