Daxili İşlər Nazirliyi qaçqın və məcburi köçkünlərə bayram sovqatı təqdim etdi
Novruz bayramı ərəfəsində - martın 14-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.
Nazirliyin mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, xoş arzularını çatdırıb, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini xatırladıb.
Polis general-leytenantı İsmət Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan söz açıb. Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 66 min manat soydaşlarımıza təqdim olunub. Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.
Mənbə:> ATV.az