“Oazis”də polislərin poqonlarını qopartdılar – YENİLƏNİB
Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən “Oazis” restoranında dava salan şəxslər barəsində cinayət işi başlanıb.
AzNews.info xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.
E.Zahidov qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 234-cü (narkotik) cinayət işi başlanılıb, araşdırılma aparılır.
15:00
Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən və artıq məşhur olan “Oazis” restoranında əsl döyüş filminin ssenarisi reallaşıb.
Belə ki, martın 5-də saat 23.00-da restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elçin Əli oğlu dava salıblar. Dava zamanı polis əməkdaşlarını döyən sərxoşlar, onların xidməti formasının paqonlarını qoparıblar.
AzNews.info xəbər verir ki, bu barədə Sputnik-ə Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
Rayon Polis İdarəsinin əməkdaşları - 1994-cü il təvəllüdlü Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov asayişi pozanları sakitləşdirməyə çalışıblar.
Amma sakit olmaq əvəzinə xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Amma saxlanılan şəxslər orda da sakit dayanmayıblar.
Bölmənin qarşısında onlar Fiat Doblo markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü 1987-ci il təvəllüdlü Bakı sakini Məmmədov Nicat Nazim oğlu özü polis bölməsinə gələrək serjant Cahid Mahmudovu döyüb. Nəticədə hər üç davakarı polis əməkdaşları barmaqlıq arxasına salıblar.
Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram marixuana, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.
Mənbə:> Oxu.Az / Report / Sputnik