Bakıda yol polisləri Müdafiə Nazirliyinin polkovnikini döydülər
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Suraxanı rayon bölməsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq ediblər. Bununla əlaqədar polkovnik dünən axşam Suraxanı rayonunda yerləşən 33 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
AzNews.info “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Suraxanı payon Polis İdarəsindən bildiriblər.
Yusifovun sözlərinə görə, fevral ayının 24-də saat 23.00 radələrində DYP müfəttişləri onun maşınını Yeni Günəşli qəsəbəsinin 5-ci yaşayış massivi yanında saxlayıblar.
Polislər iddia ediblər ki, Yusifov yol hərəkəti qaydalarını pozub. Polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında mübahisə yaranıb.
Mübahisə zamanı polislər yumruqlarını işə salıblar və hətta həmkarlarını köməyə çağırıblar. Hələlik məlum deyil ki, bu qarışıqlıqda Yusifov polis işçilərinə hərbi qulluqçu vəsiqəsini göstərə bilib, ya yox.
Zərərçəkmişin sözlərinə görə, polis əməkdaşları ona bədən xəsarətləri yetiriblər. İşin materialları Suraxanı rayon prokurorluğuna göndərilmək üçün hazırlanmaqdadır. Prokurorluqdan isə qeyd ediblər ki, nə olursa-olsun, polis əməkdaşlarının fiziki güc tətbiq etməyə ixtiyarları yox idi.
Qeyd edək ki, bu, DYP müfəttişlərinin avtomobil sürücülərinə qarşı güc tətbiq etdikləri ilk hadisə deyil.
Demək olar ki, bütün hallarda yol polisləri cinayət məsuliyyətindən yaxa qutara biliblər.
Mənbə:> Sputnik.az