Bakıda polisə tabe olmayan qadın sürücü həbs edildi – VİDEO
Məhkəmə qərar verib.
Fevralın 23-ə keçən gecə Bakıda yol polisi əməkdaşlarının əmrinə tabe olmayan qadın sürücü barəsində məhkəmə qərarı çıxarılıb.
APA-nın məlumatına əsasən, bir neçə saat ərzində avtomobili tərk etmək istəməyən Viktoriya Vlasova cərimə meydançasında maşından düşüb.
O, hadisə yerinə çağırılmış əməliyyat qrupu tərəfindən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.
Fevralın 24-də Viktoriya Vlasovanın işi Səbail rayon məhkəməsinə göndərilib.
Məhkəmədə qadın sürücü barəsində 3 gün müddətinə inzibati həbs qərarı çıxarılıb və o, müvəqqəti saxlama yerinə göndərilib. Bundan başqa, Viktoriya Vlasovanın sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılıb.
Xatırladaq ki, YPX əməkdaşlarının “Saxla!” əmrinə tabe olmayan Viktoriya Vlasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil yaradılan süni tıxac nəticəsində saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, onun idarə etdiyi avtomobil cərmə borcuna və yol-nəqliyyat hadisəsi törədərək qaçdığına görə axtarışa verilib.
Sənədlərini polis əməkdaşlarına təqdim etməyən Viktoriya Vlasova avtomobilin qapılarını bağlayaraq, düşməkdən imtina edib. Uzun çəkən danışıqlardan sonra avtomobil sürücüsü içəridə ola-ola evakuatora mindirilib və cərimə meydançasına aparılıb. Sonradan sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi də məlum olub.
Mənbə:> APA