Gülrux Əlibəyli vəfat etdi
Azərbaycanın görkəmli yazıçılarından biri, tənqidçi və publisist, incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycanın və Sovet İttifaqının dövlət xadimi Gülrux Əlibəyli dünyasını dəyişib.
AzNews.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə mərhumənin qızı, tanınmış politoloq Leyla Əliyeva Facebook-da yazıb.
Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. O, Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Müdafiə etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlayıb. Gülrux Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. O, nazirlikdə işlədiyi dövrdə milli mədəniyyətimizin inkişafına töhfələr verib, sənətə yeni başlayan Müslüm Maqomayev və bir çox başqalarına dəstək olub, yaradıcılıq sahəsində çalışanların maaşlarının artırılmasına nail olub.
1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.
Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda “Ədəbiyyat Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.
Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “ Cırpınan Dünyamız”, “ Dəyiş Dünyamız”, “ Dağılan Dünyamız” kimi 20 kitabın müəllifidir.
Qeyd edək ki, bir müddət əvvəl Gülrux Əlibəylinin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdi.
Mənbə:> Musavat.com