Azərbaycanın tanınmış alimi vəfat etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Fərhad Əhmədbəyli vəfat edib.
AMEA-dan Oxu.Az-a verilən məlumatına görə, F.Əhmədbəyli geologiya elminə böyük töhfələr verib.
Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilib.
F. Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1941-1945-ci illərdə İkinci dünya müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib.
F.Əhmədbəyli 1954-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
F.Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış edib. Beynəlxalq (STCU, SCOPES, CNRS) qrant layihələrinin iştirakçısı olub.
Mənbə:> Oxu.Az