Təhsil nazirinin keçmiş müavini vəfat etdi
A.Mehrabov 1938-ci, il mayın 1-də Gürcüstanın Saraclı kəndində anadan olub. Natamam orta təhsilini kənddə, tam orta təhsilini Arxılıda alıb.
1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1963-cü ildə o, elmi staj keçmək məqsədilə, Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun " İstilik fizikası " kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi-tədqiqat işləri aparıb.
1964-1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında "Bərk cisimlər fizikası" ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanıb.
Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. Rus dilində çap olunmuş "Mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi" monoqrafiyası elmi ictimayyət tərəfindən yüksək qiymətləndirilmişdi.
A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək Azərbaycan Respublikası xalq təhsili nazirinin müavini vəzifəsində işləmişdi. 2001-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna rəhbərlik edib.
Professor A.Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib, 2006-cı ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb.
Mənbə:> Trend