Şəkidə partlayış: Bank işçisi xəsarət aldı
Şəkidə fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub.
ATV.az-ın Şəki bürosunun məlumatına görə, Molla Cuma küçəsi 21 ünvanında yaşayan, 1962-ci il təvəllüdlü Gülnaz Nemət qızı Əhmədova hər iki qulaq seyvanının və sol əlin üs nahiyəsinin 2-ci dərəcəli termiki yanıq xəsarətləri və sol ayağın baldır nahiyəsinin cırılmış yarası dioqnozu ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 54 yaşlı Gülnaz Əhmədova axşam saatlarında yaşadığı evdə evi qızdırmaq üçün quraşdırılmış kombi istilik sistemində qaz sızması hiss edib. G. Əhmədova qaz sızmasını dəqiqləşdirmək üçün kibrid yandıraraq kombi cihazını yoxlamaq istəyən zaman anidən alovla müşahidə edilən partlayış baş verib.
Partlayış zamanı kombi yerləşən otağın pəncərəsi dağılıb, şüşələri qırılıb. Nəticədə G.Əhmədova hər iki qulaq seyvanının və sol əlin üst nahiyəsindən yanıq və sol ayağın baldır nahiyəsindən isə cırılmış xəsarətlər alıb. G.Əhmədovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda o da bildirilir ki, G.Əhmədova Azərbaycan Beynəlxalq Bankının Şəki rayon filialında mühasib vəzifəsində işləyir.
Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.
Mənbə:> ATV.az