Nazirlik kimsəsiz gənclərə toy etdi – FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillə təmin olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən Nuranə Cabbarova ilə bu təbəqədən olan digər gənc Ənvər Pənahinin toy mərasimini təşkil edib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum, kimsəsiz məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib.
Müəssisənin Nizamnaməsinə əsasən, orada yaşayan gənclər ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları vardır və binada mənzillə təmin olunan gənclərdən 20 nəfəri buraya öz ailə üzvləri ilə birgə köçürülüb.
Yeni qurulan ailə də nəzərə alınmaqla artıq buradakı gənc ailələrin sayı 21-ə çatır ki, onlardan 16 ailədə 12 uşaq vardır. Nuranə Cabbarovanın ailə qurduğu Ənvər Pənahi də hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 18 yaşı tamam olduqdan sonra dövlət uşaq müəssisəsini tərk etmiş gənclərdən biridir.
Bundan sonra o da həyat yoldaşı Nuranə Cabbarova ilə birgə “Məzun evi”ndə yaşayacaq.
Mənbə:> Oxu.Az