Elmi fəaliyyətlə məşğul olmaq üçün məhdudiyyətlər ləğv edilir
Azərbaycanda “Elm haqqında” qanun layihəsinin yeni hazırlanan variantında elmi fəaliyyətlə məşğul olmaq üçün qoyulan məhdudiyyətlər götürülür.
AzNews.info-nun məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
“Elm haqqında” qanun layihəsinin bundan əvvəlki variantında elmi fəaliyyətin məhdudlaşdırılması ilə bağlı ayrıca bölmənin olduğunu deyən komitə sədri qeyd edib ki, həmin layihəyə görə elmi fəaliyyətin bəzi növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhdudiyyətlər qoyula bilərdi.
Amma İ.Həbibbəyli bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyacın olmadığını deyib: “Həmin bölmə layihədən birdəfəlik çıxarıldı. Çünki elm yaradıçılıq işidir, daha çox müstəqil düşüncə tələb edir”.
İ.Həbibbəyli qeyd edib ki, elmi müəssisələrin 3 il müddətinə akkreditasiyadan keçməsi nəzərdə tutulurdu. Yeni layihədə bu müddətin 5 ilə qaldırılması, eyni zamanda elmi işçilərin təcrübə keçmə müddətinin əhəmiyyətli dərəcədə artırılması təklif edilir.
“Elm haqqında” qanun layihəsinin üzərində 7 ilə yaxın müddət ərzində işlənildiyini və layihənin artıq Milli Məclisdə I oxunuşda qəbul edildiyini xatırladan komitə sədri həmin layihənin müasir dövrün tələbləri baxımından təkmilləşdirilməsini zəruri sayıb.
İ.Həbibbəyli əlavə edib ki, komitə iki aya yaxın müddət ərzində müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə məsləhətləşməklə layihə üzərində yenidən işləyib: "Qanun layihəsinin təkmilləşdirilmiş variantının hazırlanması artıq başa çatmaq üzrədir. Yanvarın sonunadək “Elm haqqında” qanun layihəsinin yeni variantı komitədə müzakirə ediləcək və layihənin II oxunuşda qəbulu məqsədilə Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsi üçün təqdim ediləcək".
Mənbə:> Trend