Dünyanı kosmik bilgiləri ilə heyrətə salan qəbilə – DOQON
Malidə yaşayan Doqon qəbiləsi elm adamlarını heyrətə salır. Kosmos haqda bilgiləri, UNO ilə bağlı məlumatları və divarlarda təsvir etdikləri informasiyalar inanılmazdır.
Axar.az xəbər verir ki, Doqon qəbiləsi Afrikanın Mali Respublikasında yaşayır. Doqonlar haqqında ən çox araşdırma aparmış və Doqon mədəniyyətini Qərbə tanıtmış şəxs etnoloq Markel Qriauledir. Totemləri olan bu qəbilə ənənələrini nəsildən-nəslə ötürməklə davam etdirib. Doqonlara görə, onlar bu dünyada qonaqdırlar və yaradıcı səyyahlar bir gün geri dönəcəklər.
Astronomiya haqda bilikləri, xüsusilə Sirius sistemi haqda məlumatları bütün astronomları çaş-baş salıb. Doqonlar dünyanın kürə olduğunu, dünyanın Günəş ətrafında dövr etdiyini, Ayın dünya ətrafında döndüyünü, Saturnun halqalarının, Yupiterin peyklərinin, Siriusun, əslində, tək bir ulduz olmayıb, A, B və C olaraq üçbucaq bir sistem meydana gətirdiyini və bunların bir-birlərinin ətrafında 50 ildən bir döndüklərini bilirlər.
Doqonların bu günə qədər açıqladıqları onların bildiklərinin yalnız bir qismidir. Heç bir texniki vasitəyə sahib olmayan doqonların bu qədər məlumatı haradan əldə etdikləri hələ də sual altındadır.
Sirius sistemi ilə Günəş sisteminin evləndiyini və doqonların da bu evlilikdən doğulduğunu rəvayət edirlər.
Doqonlar üzərində araşdırma aparan amerikalı elm adamı Robert Templ bir Nommo kosmos gəmisinin gəlişini və Yerə enişini işarələyən şəkillər tapmışdı. Gəminin Doqon ölkəsinin cənub-şərqinə endiyi deyilir. Doqon rahibləri gəminin enişini təsvir ediblər - quru torpağa enərkən çoxlu toz qaldırdığını bildirirlər. Doqonlar siriuslu səyyahların bir gün geri dönəcəyinə inanırlar:
“Göydə bir ulduz meydana çıxacaq və bu, Nommonun yenidən dirilişinin işarəsi olacaq”.
Sadə doqonların əsrlərdir bildikləri məlumatları elm dünyası hələ yeni-yeni kəşf edir.
Mənbə:> Axar.az