Leyla Əliyeva: Gənclər böyük ruh yüksəkliyi nümayiş etdirirlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada keçirilən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumunun məqsədini açıqladı, bu barədə AzNews.info APA-nın Rusiyadakı müxbirinə istinadən xəbər verir.
“Mənim üçün Rusiyada olmaq hər zaman xoşdur. Rusiyada çoxlu sayda azərbaycanlı, azərbaycanlı gənc yaşayır. Bu gün keçirilən Forum bu gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək məqsədi daşıyır”, - təşkilatın sədri Leyla Əliyeva jurnalistlərə açıqlamasında deyib.
L. Əliyeva AMOR-un VI forumunda təhsil, ekologiya məsələlərinin müzakirə olunacağını söyləyib.
“Ekologiya bizim üçün çox vacibdir. Bilirəm ki, Rusiya da bizim ölkəmiz kimi ətraf mühitin qorunmasına xüsusi diqqət ayırır. İstəyirik ki, bu istiqamətdə daha sıx əməkdaşlıq edək. Bundan başqa, Forumda gəncləri maraqlandıran idman, mədəniyyət və digər məsələlərə toxunulacaq”, - L.Əliyeva qeyd etdi.
AMOR sədri Rusiyada istedadlı azərbaycanlı gənclərin sayının getdikcə artdığını vurğulayıb.
“Bu gün AMOR-un Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Əlbəttə, çox xoşdur ki, gənclərin özü böyük ruh yüksəkliyi nümayiş etdirir,” – L.Əliyeva deyib.
Mənbə:> APA