Polad Bülbüloğlu “İlin səfiri” mükafatına layiq görülüb
Oktyabrın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin üzvlərini qəbul edib.
AzNews.info xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov bildirib ki, ASGA tərəfindən həyata keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin rolu” adlı layihə çərçivəsində Heydər Əliyev irsinin araşdırılması və təbliği istiqamətində görülən işlərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rolunu qeyd edən təşkilat sədri, bununla bağlı azərbaycanlı gənclər, eyni zamanda Azərbaycanın KİV və QHT nümayəndələri arasında sorğu aparıldığını bildirib. O qeyd edib ki, sorğunun nəticələrinə əsasən səfir Polad Bülbüloğlu respondentlər tərəfindən “İlin səfiri” mükafatına layiq görülüb. Daha sonra mükafat səfir Polad Bülbüloğluna təqdim edilib.
Mükafata görə, ASGA-nın üzvlərinə və sorğuda iştirak etmiş hər bir respondentə təşəkkürünü bildirən səfir Polad Bülbüloğlu, mükafatı səfirliyin hər bir diplomatına verilən qiymət kimi dəyərləndirib. Həmçinin Polad Bülbüloğlu prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini bildirib və son dövr ərzində iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərləri qeyd edib. Azərbaycanın Rusiyadakı səfiri iki ölkənin ictimai-siyasi həyatında, xalqlarımız arasında ənənəvi dost və qonşuluq münasibətlərinin inkişafında gənclərin rolunu xüsusi vurğulayıb. Bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün gənclərin gələcəkdə də mövcud olan ənənəni davam etdirməli olduqlarını söyləyib. Bu müstəvidə Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəaliyyəti, onun keçirdiyi tədbirlər haqqında məlumat verib.
Görüşün sonunda səfir Polad Bülbüloğlu ASGA üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mənbə:> APA