Bakıda müdir müavininin faciəli ölümü – FOTO
Bakıda axtarışda olan şəxsin meyiti tapılıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Nizami rayonunda Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb.
Belə ki, Nizami Rayon Polis İdarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları, liftin boşluğunda meyit aşkarlayıblar.
Meyiti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng vuraraq kömək istəyiblər. Hadisə yerinə nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hadisə yerinə gələn Nizami Rayon Prokurorluğunun əməkdaşları araşdırmalara başlayıblar.
Üstündən çıxan mobil telefon vasitəsi ilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 1962-ci il təvəllüdlü Hadiyev Fuad Həsən oğluna məxsus olduğu müəyyən olunub.
O, “Qaya” Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb.
Qohumları və polis tərəfindən aparılan axtarışlar nəticə verməyib. F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> APA