Bakı Beynəlxalq Avtovağzalı əvvəlki rejimdə fəaliyyətini davam etdirir
Bu gün Bakı Beynəlxalq Avtovağzalı və onun ərazisində yerləşən ticarət obyektləri əvvəlki rejimdə fəaliyyətini davam etdirir.
Bu barədə Oxu.Az Avtovağzaldan bildiriblər.
Xatırladaq ki, Bakı Beynəlxalq Avtovağzal kompleksinin yanında “Bakı-Sumqayıt” yolunun sürüşməsi və yolun istinad divarının deformasiyası yolun kənarında yamacların düzəldilməsi zamanı su ötürücüsünün ləğv edilməsi nəticəsində baş verib. Yamacların daimi suvarılması yol yatağının yuyulmasına səbəb olub. Bunun nəticəsi kimi daim su altında olan torpaq sürüşməyə məruz qalıb.
Hadisədən dərhal sonra müvafiq qurumlar yaranmış vəziyyətin aradan qaldırılmasına başlayıblar. Artıq yolun istinad divarının müvəqqəti möhkəmləndirmə işləri başa çatmaq üzrədir. Möhkəmləndirmə işlərini yüksək ixtisaslı mütəxəssislərə və müasir texniki avadanlığa malik “EVRASCON” şirkəti yerinə yetirir.
Görülən işlər nəticəsində yağışların yağmasına baxmayaraq son günlər ərzində deformasiya 1 mm-dən çox olmayıb. Bu da onu göstərir ki, müvəqqəti quraşdırılmış metal konstruksiya işləməyə başlayıb, düşən yükü qəbul edir. Ərazi daim nəzarət altındadır. Hər 2 saatdan bir istinad divarının mayaklar vasitəsi ilə yerdəyişməsi ölçülür.
Artıq yol yamacının daimi möhkəmləndirmə işlərinə başlanıb. Bütün layihə sənədləri FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra onların nəzarəti altında yerinə yetirilir.
Avtovağzaldan xüsusilə qeyd ediblər ki, yolun istinad divarında baş verən dəyişikliklərin Bakı Beynəlxalq Avtovağzal kompleksinin binasına heç bir təsiri yoxdur:
“Təəssüflə qeyd etmək lazımdır ki, bu gün mətbuatda baş vermiş hadisə ilə bağlı şişirdilmiş informasiyalar yayılır, bəziləri hətta heç bir texniki bilik və savada malik olmasa da, bu sahədə hansısa bir ekspertdən rəy öyrənməsə də, Avtovağzal kompleksi üçün yaranmış təhlükədən danışır.
Əlbəttə, bu tipdə yazılar ilk növbədə Avtovağzal ərazisindəki ticarət mərkəzi, uşaq əyləncə mərkəzində çalışan sahibkarların fəaliyyətinə mənfi təsir göstərir”.
Məlumata görə, bu gün Beynəlxalq Avtovağzal kompleksi ərazisində böyük ticarət mərkəzi və binanın bir neçə mərtəbəsində yerləşən ticarət mağazaları, həmçinin otel normal şəkildə fəaliyyətlərini davam etdirirlər.
Sahibkarların əsas şikayəti isə mətbuatda yazılan əsassız məlumatlardır - bütün bu şayiələr onların biznes fəaliyyətinə mənfi təsir göstərir.
“Avtovağzal ərazisində cəmi 2 dükan yanğın-təxliyyə qapısına düşdüyü üçün sökülüb və həmin sahibkarlara başqa yerdə dükan verilib. Yəni, baş verən hadisə yalnız təhlükəsizlik qaydalarına riayət olunması baxımından atılmış addımdır və bu hadisənin dükanların bağlanılması kimi şərh edilməsi sadəcə cəfəngiyyatdır. Bu gün Avtovağzalın yeni, gənc rəhbərliyi qurumun fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün addımlar atır”.
Mənbə:> Oxu.Az