DİN- dən Mehman Hüseynovun saxlanılmasına - AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) fotoreportyor Mehman Hüseynovun polis tərəfindən saxlanılmasına aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, 2012-ci ildə Mehman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı qanuna müvafiq qaydada yasaqlanıb:
“Lakin Mehman Hüseynov bu yasağa məhəl qoymadan ölkədən çıxmağa cəhd edib və polis bu cəhdin qarşısını alıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.
E. Zahidov M. Hüseynov barəsində cinayət işi başlanandan bir il sonra, 2013-cü ildə onun ölkədən çıxmasına necə razılıq verilməsini də izah edib: “Həmin vaxt Mehman Hüseynovun özü və vəkilləri istintaq orqanına müraciət edərək onun xarici ölkələrdən birində təşkil olunmuş tədbirdə iştirakına icazə istəmişdilər. O zaman onun ölkəni tərk etməsinə icazə verilmişdi. Lakin bu dəfə nə Mehman Hüseynov özü, nə də onun vəkili bu barədə istintaq orqanına müraciət etməyiblər”.
Mənbə:> AZXEBER.COM