Nigeriyadan Azərbaycan İŞİD-çilərinə salam göndərdilər – FOTOLAR
Dünyanın diqqəti İraq və Suriyada böyük əraziləri ələ keçirib qəddar dini rejim yaradan “İslam Dövləti”indən (İŞİD) yaranan təhlükəyə yönəldiyi bir vaxtda Nigeriyada fəaliyyət göstərən “Boko Haram” radikal qruplaşmasının lideri Azərbaycandakı “qardaşlarına” salam göndərib.
AZXEBER.COM Virtualaz.org saytına istinadən xəbər verir ki, bir neçə ay əvvəl yüzlərlə məktəbli qızı qaçıran, hər gün qanlı terror hücumları həyata keçirən və əvvəllər özünü “əl-Qaidə”nin Məğrib cinahının tərkib hissəsi elan edən “Boko Haram”ın lideri Əbubəkr Şekau Nigeriyanın adı məlum olmayan yaşayış məntəqəsində yerli sakinlərə moizə oxuyarkən Azərbaycanın adını çəkib.
Əbubəkr Şekaunun bir qrup tərəfdarı ilə birlikdə zirehli hərbi texnikanın üzərində, yolun kənarında dayanaraq çıxış etdiyini əks etdirən 44 dəqiqəlik video “Frans Press” agentliyinə daxil olub.
Kadrlardan yerli sakinlərin Şekaunun çıxışını alqışlarla qarşıladığı görünür. Şekau elan edir ki, o, Nigeriya ərazisində xilafət yaradıb və “Boko Haram”ın nəzarəti altında olan yaşayış məntəqələrində şəriət qaydaları hökm sürür.
“Boko Haram” lideri “İslam Dövləti” qruplaşmasının İraq və Suriya ərazisində yaratdığı “xilafəti” də dəstəklədiyini bildirir.
Kadrlarda iri planda görünən “Boko Haram” lideri Nigeriya hökumətinin atəşkəs təklifini qəbul etmədiklərini bildirir və hökumətin danışıqlar aparmaq üçün göndərdiyi adamını öldürməklə hədələyir.
Videodan görünür ki, “Boko Haram” yaraqlıları yaxşı asfaltlanmış yolda ağır silahlarla təchiz edilmiş pikaplarda və zirehli texnikada hərəkət edirlər. Onların maşınlarının üstündə qara bayraqlar var. Ehtimal olunur ki, bu ağır silahlar və texnika Nigeriya ordusundan ələ keçirilib.
“Boko Haram” liderinin çıxışından belə başa düşmək olar ki, o, nəzarətində olan əraziləri daha geniş, qlobal xilafətlə bağlamağa hazırdır. Ancaq özü hər hansı cihadçı liderin tabeçiliyində olmaq fikrində deyil.
“İslam xilafətində yaşayanlara biz öz təbriklərimizi göndəririk. Mən Əfqanıstan, Pakistan, Azərbaycan, Çeçenistan, Yəmən, Somalidəki qardaşlarımızı, İraq və Suriyadakı xilafətin sakinlərini xüsusi qeyd edirəm” - deyə Şekau bildirib.
“Frans press” videonun təbliğat xarakteri daşıdığını ehtimal edərək onu yaymayıb, ancaq videodan bir neçə fotoşəklə yer verib.
Qeyd edək ki, bundan əvvəl İŞİD ideoloqları da qlobal “İslam xilafəti”nin qara xəritəsini hazırlayıblar. Həmin xəritədə Azərbaycan da “xilafətin” tərkibində göstərilmişdi. Hazırda Azərbaycandan yüzlərlə İŞİD-çinin İraq və Suriyada “cihada” qoşulduğu, onların bir qisminin öldürüldüyü məlumdur.
Mənbə:> AZXEBER.COM