Kenquru əti halaldır yoxsa haram? - İlahiyyatçı rəyi – FOTO
Dünən Bakı sakini mağazaların birində tərkibində kenquru əti olan kolbasa satıldığı haqda redaksiyamıza məktub ünvanlamışdı.
Bu xəbər ictimaiyyət arasında birmənalı qarşılanmayıb və insanları düşündürən sual yaranıb: Kenquru əti halaldır, yoxsa haram?
Bu suala sələfi lideri Qamət Süleymanov Ölkə.az-da aydınlıq gətirib.
Qamət Süleymanov bildirib ki, Kequru əti halaldır. Kenquru ətinin dini baxımdan haram sayılası bir şeyi yoxdur:
"Kenquru ətini yemək olar. Bununla bağlı narahatçılığa ehtiyac yoxdur. Bizdə insanlar müəyyən heyvanların ətlərini yeməyə alışıbar. Bəzi heyvanların əti halal olsa da bizdə o ətə meyillilik yayılmayıb. Məsələn, at əti əslində halaldır. Müəyyən heyvanların, quşların ətlərini yemək ənənə halını alıb, ona görə də fərqli bir heyvan əti olanda suallar istər-istəməz hamımızı maraqlandırır. Baxmayaraq ki, ət halaldır, ancaq insanlarımız yeməyə çəkinirlər. Son olaraq bir də vurğulayım ki, kenquru əti haram deyil, halaldır".
Qeyd edək ki, bununla bağlı Ölkə.Az-a xəbər verən alıcı bildirib ki, mağazaya girərək "rosiskiy" kolbasa almaq istəyib. Onun üzərinə nəzər saldıqda isə kolbasanın tərkibində kenquru əti olduğu məlum olub.
Mənbə:> Olke.az