Azərbaycanda bəy toyuna iki gün qalmış itkin düşdü
Qəbələ rayon sakini müəmmalı şəkildə itkin düşüb.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, rayonun Soltannuxa kənd sakini 1984-cü il təvəllüdlü Hətəmov Ramil Əhməd oğlu oktyabrın 1-də yaşadığı evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb.
Ailə üzvlərinin sözlərinə görə Ramil Hətəmov bankomatdan pul götürmək üçün rayon mərkəzinə gedib və özünün toy mərasiminə hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib. Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon Polis Şöbəsinə məlumat veriblər.
O, evdən çıxarkən əynində göy cins şalvar, dama-dama köynək, ayağında qara ayaqqabı olub. Onun hansı şəraitdə və nə üçün itkin düşməsi barədə hələ ki, məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün tədbirlər görürlər.
Məlumata görə Ramil Hətəmov itgin düşməsəydi oktyabrın 3-də onun toy mərasimi olacaqdı. Bu günlərdə onun nişanlısı olan qızın toy mərasimi olub. Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsinin məzunu olan və Bakıda internet provayderi olan “Delta” Telekom Şirkətində çalışan Ramil Hətəmovun aylıq qazancının yaxşı olduğu, pul borcunun və heç kimlə şəxsi ədavətinin olmadığı bildirilir.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mənbə:> APA