DYP: Yol polisi maşını idarə edərkən mobil telefonla danışa bilər – FOTOLAR
Bu gün sosial şəbəkələrdə yol polisinin xidməti maşınında mobil telefonla danışmağı barədə foto yayılıb.
AZNEWS.INFO xəbər verir ki, ANS Press-in məlumatına görə, bu barədə Facebook-da paylaşılan fotoda yol polisinin maşında sükan arxasında telefonla danışdığı əks olunur.
Şəklə verilən şərhlərdə isə bildirilir ki, polis maşın sürərkən yol qaydalarını pozur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, burada heç bir qanun pozuntusu yoxdur. Onun sözlərinə görə, operativ nəqliyyat vasitələrində sürücülər lazım olarkən sükan arxasında əlaqə vasitələrindən istifadə edə bilərlər.
“Operativ nəqliyyat, təcili yardım, yanğınsöndürən, yol polisi və polislər maşın idarə edərkən rabitə vasitələrindən istifadə edə bilərlər. Ratsiya olmadıqda isə mobil telefonla danışa bilərlər. Bu, xidmət çərçivəsində ola bilər”, - deyə Kamran Əliyev bildirib.
Lakin bu, o demək deyil ki, yol polisi şəxsi maşınında mobil telefonla danışa bilər. Kamran Əliyevin sözlərinə görə, bu halda polis olmasına baxmayaraq, həmin insan mütləq məsuliyyətə cəlb edilməlidir.
Mənbə:> ANS PRESS