Bakıda yerüstü piyada keçidlərinin üzlükləri yeniləndi – FOTO
Azərbaycan Nəqliyyat Nazirliyinin göstərişilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti, abadlaşdırma işləri həyata keçirilir.
ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, Heydər Əliyev prospektində, daha dəqiqi “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır.
Sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlükləri sökülərək yeniləri ilə əvəzlənib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90 faizi görülüb. Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənir.
Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan işlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.
Mənbə:> Oxu.Az