Bakı yollarında “yaşıl dalğa”nın tətbiqinə başlanıldı
Bakının küçə və prospektlərində “yaşıl dalğa”nın tətbiq olunmasına başlanılıb.
Bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Oxu.Az-a məlumat verib.
NİİM rəsmisinin sözlərinə görə, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimal edilir. Bununla bağlı hazırda svetoforların vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur.
Ş.Mehmanqızı qeyd edib ki, bu məsələdə avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır. Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda “yaşıl dalğa”ların sayı artırılır:
“Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır. Artıq bu işlərin tətbiqinə başlanılıb. Bundan başqa, paytaxtdakı təhsil müəssisələrinin yerləşdiyi ərazilər müəyyən olunub və “yaşıl dalğa”lar daha çox məhz orada tətbiq olunur. Çünki bu ərazilərdə avtomobillərin sayı həddindən artıq çox olur. Ona görə də avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün “yaşıl dalğa” əmri daha çox bu yerlərdə tətbiq olunacaq”.
Mənbə:> Oxu.Az