Nazirlik sağlamlıq imkanları məhdud uşaqlar üçün düşərgə təşkil edir
09-23 avqust 2015-ci il tarixlərdə Gənclər və İdman Nazirliyi yay düşərgəsini təşkil edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, yay düşərgələri sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.
Nazirlik cari ilin iyun-avqust ayları ərzində Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində hər biri 2 həftə davam edən növbələr üzrə düşərgələr keçirəcək. Düşərgələrdə ümumilikdə 420 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.
Bu ilin 10-24 iyun tarixlərində Astara, Yardımlı, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı və 01-15 iyul tarixlərdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Füzuli, Tərtər rayonlarından olan 7-15 yaşlı uşaq və yeniyetmələr sözügedən yay düşərgələrində iştirak ediblər.
20 iyul-03 avqust 2015-ci il tarixlərdə təşkil olunan 3-cü növbə üzrə yay düşərgəsində Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan 10-16 yaşlı uşaq və yeniyetmələr iştirak ediblər.
Düşərgə Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil edilir. Yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramların həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması sahələrində fəaliyyətlərin təşkili nəzərdə tutulur.
09-23 avqust 2015-ci il tarixlərdə təşkil olunacaq sonuncu növbə üzrə yay düşərgəsində sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı təmin ediləcəkdir.
Mənbə:> Oxu.Az