Ermənilərlə əsir düşən kəşfiyyatçımız: Güllə ciyərimlə ürəyimin arasında qalıb – FOTO
“Vüqarın şəklini göstərib dedilər ki, qranatın “kaliso”su dişində qalmışdı”.
1997-ci ildə düşmənin arxasına xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün səkkiz nəfərdən ibarət qrup göndərilir. Qrup düşmən arxasında üç gün qalaraq, tapşırıqları yerinə yetirir. Sonuncu gün geri dönmək ərəfəsində düşmən duyuq düşüb, onları böyük qüvvə ilə mühasirəyə alır. Mərmiləri bitənə qədər itki vermədən döyüşən qəhrəmanlarımız, bu qeyri-bərabər döyüşdə xeyli sayda düşməni məhv edirlər. Ən sonunda da əsir düşməmək üçün qumbara ilə özlərini partladırlar. Onlardan birini - Əhmədov Aqili ağır yaralanaraq huşunu itirdikdən sonra düşmən onu əsir götürür...
Şəhid olmuş o yeddi qəhrəmanımızı döyüş yoldaşları ildə iki dəfə - şəhid olduqları 10 apreldə və dəfn olunduqları 16 oktyabrda məzarlarını ziyarət etməklə anırlar.
AzNews.info xəbər verir ki, Qaziler.az elə Aqil Əhmədovla da bu ərəfədə görüşüb, keçən günləri birlikdə xatırladı.
...Əhmədov Aqil Mürsəl oğlu, 1976-ci ili aprelin 23-də Zaqatala rayonunda anadan olub. 1993-cü ildə orta məktəbi bitirib. 1995-ci ilin iyun ayında Zaqatala rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yollanıb. Xidmətdə də xüsusi təyinatlı hərbi hissədə qulluq edib...
- İki il xidmət etdikdən sonra 1997-ci ilin aprel ayının 7-də Müdafiə Nazirliyinin əmri ilə düşmənin arxasına keçərək xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün hərəkətə başladıq. Mənim də içərisində yer aldığım qrupun 7 nəfəri şəhid oldu, məni isə ağır yaralandıqdan sonra əsir götürüblər.
- Necə oldu ki, düşmən duyuq düşdü?
- Üç gün Horadiz - Hadrut istiqamətində düşmən arxasında olduq. Əməliyyatın sonuncu günü Elxan, Vüqar, Anar, Dinar, Aqşin, Nizami və Farizlə birgə tapşırığı yerinə yetirib geri dönməyə hazırlaşırdıq. Elxan bizim komandirimiz idi. Onu da qeyd edim ki, gecələr işimizi görür, gündüzlər də gizlənirdik.
Müharibə zamanından qalma kol-kos basmış bir “Tranşey” vardı, gündüzlər həmin orada kolların altında gizlənirdik. Ermənilərin ağlına gəlməzdi ki, orada kimsə ola. Dediyim kimi, artıq sonuncu gün idi, tapşırığımızı bitirib geri qayıtmalıydıq. Elə oldu ki, biz işimizi bitirənə kimi, artıq səhər açılırdı. Dedik ki, axşama kimi burada gizlənək, gecə yola düşərik. Canımızda neçə günün yorğunluğu var idi. Həmin o kolluq olan yerdə daldalanmışdıq.
Mən dincəlmək üçün “veşmeşok”umun üstündə oturaraq silahım da əlimdə hazır vəziyyətdə mürgü vururdum. Nə qədər yatdığımı bilmirəm, bir də çiynimə dəyən zərbədən ayıldım.
Baxıb gördüm ki, Yarəhmədov Vüqar ayağa durub. Hələ nə baş verdiyini anlamıram. Vüqar mənim duruxduğumu görüb dedi ki, “qalx, düşmən gəlir!”. Bunu deyib qarşı tərəfə güllə atdı. Sən demə, bizə sarı iki düşmən əsgəri gəlirmiş. Onlardan birini Vüqar vurandan sonra ikinci əsgər geri dönərək aldadıcı hərəkətlər edə-edə qaçmağa başladı. Onu da yaraladı, ancaq erməni əsgəri özünü yetirib təpənin dalına keçə bildi.
Belə olan halda komandir əmr verdi ki, səngərin içinə doğru gedirik.
Bir az gedib başımızı qaldıranda gördük ki, bu yandan da 50-60 erməni əsgəri bizə sarı gəlir. Yaxınlıqda dağılmış kənd vardı, Elxan əmr verdi ki, kəndə tərəf çəkilirik. Və başladıq kəndə tərəf qaçmağa.
Rəhmətlik Nizaminin əlindən PK-nı alıb istəyirdim ki, atım, bu an rəhmətlik komandir Elxan qışqırdı ki, burda atma, özümüzə etibarlı mövqe seçək, sonra atışarıq. Düşmən görəndə ki, biz qaçırıq, onlar da sürətlərini artırmağa başladılar. Bu an komandir Aqşinə dedi ki, “sivyaza” çıx. Onu da deyim ki, bizdə 40 vərəqdən ibarət “sivyaz” kitabçası vardı, qaçdığımız zaman onu məhv etdik ki, birdən başımıza bir iş gəlsə düşmən əlinə keçməsin. Qaçdığımız zaman “Veşmeşok”u atıb, tək silahı, güllələri və bir də “sivyazı” saxladıq.
- Yaxınlıqda daldalanmaq üçün nəsə yox idimi?
- Qarşıda iki təpə vardı, biri yaxın, o biri bir az ondan aralı idi, daldalanmaq üçün onlara doğru qaçırdıq. Yaxın təpəyə istiqamət götürmüşdük ki, oradan bizi gülləyə tutdular. Belə olan halda, məcbur qalıb, o biri təpəyə sarı qaçmağa başladıq.
Oralar tam açıqlıq idi, bir dənə də olsun, bir şey yox idi ki, arxasına keçib atışasan. Qaçdıqca atılan güllələr ayağımızın böyründən keçib torpağa dəyir...Mən uşaqlardan arxada gedirdim. Qismən uzaqda olan təpəyə çatanda nə oldu bilmədim, ancaq yıxıldım. Əvvəlcə elə təsəvvür etdim ki, yəqin güllə dəyib, ona görə yıxılmışam və tərpənmədim. Bu an mənə tərəf güllə atışı zəiflədi. Yəqin onlar da elə biliblər ki, yaralanmışam. Baxdım, artıq yaxınlaşmaq üzrədirlər, tez əllərimi, ayaqlarımı yoxlayıb gördüm ki, yaralanmamışam, anidən ayağa durub aldadıcı qaçış edərək uşaqlara çatmağa çalışırdım. Bütün bunlar bir anın içində baş verdi. Təpənin başına çatıb, komandirin əmrini gözlədik. Təsəvvür edin ki, nəfəs ala bilmirdim, ciyərim susundan yanırdı, ağzım, boğazım qurumuşdu, neçə gündür su da içmirdik.
Təpədə də durmaq mümkün olmurdu. Həm də çalışırdıq ki, qaça-qaça öz mövqelərimizə doğru yaxınlaşaq. Ancaq bizi necə sıxmışdılarsa, get-gedə hiss edirdik ki, özümüzünkülərə tərəf yaxınlaşmaqdansa uzaqlaşırıq. Gedib bir ağaclığa çatdıq, orada da dayanmayıb yolumuza davam etdik. Ağacın qol-budağı üz-gözümüzü cırı-cırıq etsə də, buna fikir vermirdik. Ağaclığı adladıq, qarşımıza balaca bir arx çıxdı, bir metr yarım eni olardı - “sapyor”un yükünü də mən götürmüşdüm ki, onun işi rahat olsun, bizi minalardan rahat keçirsin - üstündən hoppanmaq istəyəndə suya düşdüm.
Normalda onu iri bir addım atsan, adlamaq olardı, ancaq yüküm ağır olduğundan düşdüm suya. Nəhayət, buraları keçib, uçub-dağılmış evlər olan bir yerə çatdıq. Bu an gördük ki, ön tərəfdən üç nəfər gəlir, ancaq geyimlərindən hiss olunurdu ki, zabitlərdir, ermənilərin əsgərləri çox pis vəziyyətdə geyinirdilər.
Tez qərara gəldik ki, yaxınlıqdakı yanmış evin “podvalına” girək, ora da balaca bir yer idi, güclə sığdıq. Bir də baxdıq ki, Yarəhmədov Vüqar yoxdur. Nə də bayıra çıxıb onu çağıra bilmirik. Bayaq dediyim həmin o üç nəfər düz biz gizləndiyimiz yerin bir metirliyindən keçib getdilər. Onlar elə güman ediblər ki, biz yuxarıya doğru qaçmışıq.
- Onları niyə vurmadınız?
- Onları rahat vura bilərdik, ancaq məqsədimiz o idi ki, biz izi azdıraraq vaxt qazanıb mövqelərimizə doğru gedək. Bunlar keçəndən sonra Vüqar gəldi. O, gicitikənlərin arasında özünü “maskirovka” edərək gizlənibmiş, ona görə də onu görməyiblər. Gizləndiyimiz yer qismən təhlükəsiz olduğundan məşvərətə başladıq. Gah bir yerə yığışıb qumbarayla özümüzü partladaq, ya da imkan etdikcə qaçaq. Dedik, komandir, son qərarı siz verin. Nə əmr etsəniz, yerinə yetirəcəyik. Komandir dərin düşüncəyə getmişdi.
Hamı da onun nə deyəcəyinə gözləyirdi. Yanımda balaca bir daş parçası vardı, düşündüm ki, bəlkə də on dəqiqə sonra öldük, heç olmasa rahat otur. Oturub döş cibimdəki saatı çıxarıb baxdım ki, artıq günortadır, çöldə də gözəl yaz havası vardı. Bu vaxt Mustafayev Dinar pıçıltıyla dedi ki, bizi gördülər. Elə bunu demişdi ki, olduğumuz yeri atəşə tutdular. Elxan qranatı çıxarıb onlar tərəfə atdı və döyüş əmrini verdi. Evin əks tərəfinə çıxdıq. Çıxan kimi gördük ki, içərisi əsgərlə dolu bir yük maşını gəlir, uşaqlardan hansısa onu vurdu.
Bunun dalınca da bir “NİVA” gəlirdi, ona da atdılar, ancaq ona dəymədi və gözdən itdi. Bir sözlə, kim nə görürdüsə vururdu. Artıq bizə tərəf yaxınlaşırdılar, onlara bir-iki qumbara atıb, qarşıdakı təpəyə doğru qaçdıq. Yolun kənarında su getməsi üçün balaca bir xəndək-fason bir şey qazmışdılar.
Bu xəndəyə uzanıb başladım sürünməyə. Bir az sürünmüşdüm ki, birdən onurğamdan sanki elektrik vururmuş kimi bir ağrı hiss etdim. Dayandım. Ayaqlarım başladığı keyləşib yığılmağa, tərslikdən avtomat da ayağımın arasında qaldı. Ha çalışırdım ki, avtomatı çıxarım, gücüm yetmədi. Əlimi böyrümə aparanda gördüm ki, barmaqlarım qan oldu. Artıq yaralandığımı bildim. Nəfəs alıram, içəri hava gedir, qaytarıb çölə buraxa bilmirəm. Haradan biləydim ki, güllə gəlib ciyərimlə ürəyimin arasında qalıb.
- Yoldaşlarınızdan yanınızda olanı var idimi?
- Yox, onlar təpəyə çatırmışdılar. Mənim də ürəyim partlayırdı, uşaqlara çatmağa çalışırdım. Əlimnən yeri eşə-eşə getmək istəsəm də, gördüm yox, mümkün deyil, alınmır. Taqətim də yoxdur, öz-özümə dedim ki, artıq ölürsən. Başımı qaldırıb göyün üzünə baxdım, tərtəmiz idi. Dedim ki, Allah adama bir qanad verə, uçasan, nə də gözəl hava var...Bu vaxt gözüm komandirimiz Ağayev Elxana sataşdı, gördüm, əli ilə yeri eşir. Bəlkə də nəsə basdıracaqdı ki, düşmən əlinə keçməsin. Bu vaxt da Elxanı vurdular, yıxıldı. Ondan bir az da aralıda düşmən əsgərləri qaça-qaça gəlirdilər. Amma o, ölməmişdi...Artıq hər tərəfdən mühasirəyə alınmışdıq. Elxanın qaça-qaça mənə tərəf gəldiyini gördüm. Çatıb dedi ki, sürün, gedək. Bir az əl-qol atdım, gördüm yox ee, gedə bilmirəm. Belə olanda Elxana: “mən gedə bilmirəm, istəyirsən apar, istəyirsən at, daha taqətim qalmayıb”. Boğulmağa başladım, əynimdə nə qədər paltar vardısa hamısını cırıb atdım ki, bir az hava ala bilim. Gördüm yenə düzəlmədi, buşlatı başıma çəkib düşündüm ki, bir dənə də güllər vursunlar, sonra nə olacağını bilmirəm...Huşumu itirdim.
- Digər yeddi nəfərin hamısı Şəhid oldu, eləmi?
- Bəli, hamısı Şəhid oldu. Mən də yaralandıqdan sonra huşumu itirmişəm. Məni də ermənilər götürüb aparıblar. Ermənilərin dediklərindən və yadımda qalanlardan ümumi mənzərəni təsvir edə bilirəm. Uşaqlar qranatla özlərini partladıblar. Hətta sonralar ermənilər Vüqarın şəkilini göstərib dedilər ki, qranatın “kaliso”su dişində qalmışdı. Uşaqlardan biri özünü elə partladıb ki, qarın nahiyəsi açılıb, yerində inildəyirmiş. Uşaqlardan digəri isə əlində qranat əllərini göyə qaldıraraq təslim olduğunu deyib...Və əlindəki qranatı yaxınlaşmaqda olan düşmən əsgərlərini üstün atıb. Onu da orada vurublar...bədəni deşik-deşik olub...
Qrup üç günə yaxın mühasirədə təslim olmadan, müxtəlif manevrlər edərək son sursatlarına qədər vuruşubdur. Və sonradan əsir düşməmək üçün özlərini partladıblar. Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Bunları mənim məhkəməm zamanı erməni şahidləri deyirdi...
- Yaralanandan sonra sizi hara aparmışdılar?
- Sonradan bilmişəm ki, bunlar məni Cəbrayılda tibb məntəqəsi olduğundan ilk dəfə ora aparıblar. Özümə gələndə baxdım ki, balaca bir otaqdayam, divar tərəfdə də bir nəfər durub. Ondan su istəyəndə, “sənə su olmaz” dedi. Öz-özümə düşündüm ki, yəqin qəddar çavuş olmuşam deyə, o biri dünyada cəzalandırırlar, su vermirlər. Belə şeylər düşünürdüm. Bir də baxdım ki, kimsə məni şillələyir. Gözümü açanda gördüm ki, qara yekəpər biri dayanıb başımın üstündə, ətrafımda da adamlar dövrə vurub, qırıldaşırdılar. Birdən ayılan kimi oldum: “Vay, əsir düşmüşəm!” deyib susdum. Yavaş-yavaş özümə gələndə xatırladım ki, bəs mən yaralanmışdım. Tez adyalı üstümdən qaldırıb baxdım, əynimdə paltar yoxdur, bədənimdə bir neçə yerdən “şlang” qoymuşdular. Ağrımayan yerim yox idi.
- Əməliyyat edib gülləni çıxardılarmı?
- Yox, güllə indi də qalır.
- Bəs güllə incitmir ?
- Hərdən nəfəs alanda iyinə kimi batır. Bundan başqa qarın nahiyəmdəki “şlanq”lardan biri hələ də qalır. Bağırsağım işləmir. 1-ci qrup Qarabağ əliliyəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi söz veriblər ki, müalicə üçün göndərəcəklər. Bir neçə dəfə vəd verib əməl etməyiblər, yəqin bu dəfə göndərərlər. Məsələ bununla da bitmir. Yaralandığım zaman güllə onurğaya dəydiyində sümüklər parçalanıb. Əsirlikdə olanda da nə bilim nə ediblər, bilmirəm ki, ondan sonra onurğa sümüyümdə törəmələr əmələ gəlib.
- İşgəncə verirdilərmi?
- Cəbrayılda olanda bir polkovnik gəlmişdi, adımı soruşanda, ona adımı səhv demişdim. Qırmızı xaçdan adımı öyrənəndən sonra qələmlə tikişləri çəkdi, üstümdə siqaret söndürürdü, yastığı başıma qoyub tapançayla vuracam deyirdi. Onu da qeyd edim ki, mənə erməni məhkəməsinin qərarı ilə ölüm hökmü kəsmişdilər. Bir il 11 ay ölüm hökmü altında olmuşam. Hər dəfə ayaq səsləri eşidəndə, qapı açılanda elə bilirdim ki, güllələməyə aparırlar. Dəyişməyə aparanda da gözlərimi bağlamışdılar, elə bildim məhkəmənin hökmünü icra etməyə aparırlar. Bir də Qırmızı Xaçın ofisində gözümü açanda hiss etdim ki, deyəsən, məni dəyişirlər. Və doğrudan da dəyişdilər.
Mənbə:> Oxu.Az