Sevişmə sonrası qadın olmadım mən! » AzNews.info -Xəbər portalı

Sevişmə sonrası qadın olmadım mən!

Sevişmə sonrası qadın olmadım mən!


Jurnalist Türkan Turanın yazısını təqdim edirik:

Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.

Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi… Çünki 23 ildir qurtula bilmirdim!

Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!
Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar…! İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt yadıma düşsə, qırıb dağıdıram. Gözlərim qan çanağına dönür ağlamaqdan.

Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram!

Dünyaya qız doğulduğum, üçün yaradanı lənətləyirəm!
13 yaşım var idi. 12 il keçirdiyim o möhtəşəm qış fəslinin 13-cü ilini yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi!

Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey “kaş o səhər, heç açılmazdı” dediyim gün dəyişdi.. Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular.

Səs hamımızı qorxutdu. Atam qapını açan kimi, avtomatın arxası ilə sinəsindən vurdular. Zərbənin təsirindən, qeyri-ixtiyarı olaraq atam yerə sərildi!

Sonra silahı bizə doğruldaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi, xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza dəyəcək kimi idi..

Bir qədər sonra hərbi maşınlardan 20-ə yaxın əsgər düşüb, bizə doğru gəldi. Avtomatı üstümüzə tuşlayaraq, maşınlara çıxmağımız üçün əmr verdilər. Meşənin yaxılığında hərbi hissənin bazasına gətirdilər.

Elə maşından düşəndə, gördüklərimdən şoka düşdüm. Dörd bir yanda işgəncə var idi. Qadınlar zorlanır, kişilər döyülürdü. Avtomatın arxası ilə kişilərin cinsi orqanına vururdular. Bir daha bizim kişilərdən uşaq dünyaya gətirə bilməməkləri üçün….

Yeni doğacaq nəslin, onlardan olacağını deyirdilər. Bir qədərdən sonra kişiləri maşından düşürdülər. Atam gözə dəymirdi.

Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib məhlula dönəcək kimi hiss edirdim. Balaca bədənimlə insanların arasında özümü unudulmuş kimi hiss etməyim isə bir az təsəlli verirdi. Sanki kiçik olmam, avantajım idi.

Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq meşəyə doğru aparırdılar.
Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə gəlirdi ki, bulud yağış əvəzinə qan yağmışdı.

Ortalıqda düşmən ordunun əsgərləri görünürdü. Yerə sərilmiş insanların, ölüb ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər.

Daha əvvəl görmədiyim yerə gətirdilər bizi. Burada da xeyli əsir və eyni işgəncələr gördüm. İnsanları diri-diri yandırırdılar. Bəzi kişilər irəli çıxıb, hansısa qadını qorumaq istəyəndə, güllələnirdi!

Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində 20 yaxın kişi öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, sanki etiraz edib güllələnməyi daha üstün tuturdular! İnsanlıq tarixi o mənzərəni görməyə hazır olmadığına əminəm!

Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən vəhşiliyi görəndə, ətimdən ət kəsilirdi. Beynimi uyuşdurmaq, yatmaq, yox olmaq istəyirdim. Gənc qızlara atalarının gözünün qarşısında təcavüz edir və qorxulu filmlərdə, əcaib rol ifaçısı kimi qəhqəhə çəkirdilər. “Ölümə məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı daşıyacaqsınız”deyib, qadınlara hücum çəkirdilər.

Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda o vahimənin içində gözüyaşlı anamı gördüm.

Orda qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan qalmışdı. O vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları möcüzə olmalı idi.

Növbəti gecə idi. Göyün üzü qırmızı idi. Sanki yerdəki qanın rəngi, göydə əksini tapmışdı.

Qaranlıq, pis qoxulu otağın bir küncünə sıxılmışdıq. Bir azdan ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Amma titrəməsi boş yerə deyildi. Çünki o ayaq səslərindən gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim, aparmamaqları üçün!

Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü itirmədən sakitləşdim. Otağa göz gəzdirdim. Hiss olunurdu ki, bu otaq digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, “onun qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu!

Hündür, kök, 45 yaşlarında, saqqalı, saçında tək-tək ağ tük görünən adamla göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə üzümə baxdı. Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı.
Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra saçımdan yapışaraq, divara çırpmışdı. Bədənim sanki maşın altından çıxmış kimi sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi.

Alnımdan axan qan da, üzümdən süzülərək gözümə dolmuşdu. Özümə gəlib, qan dolu gözlərimi açanda, qarnımdakı dəhşətli ağrı, bütün ağrılarımı unutdurmuşdu! Bədənim keyimişdi!

Hərəkət etmədən, fikirləşirdim. Anamın niyə nalə etməsini indi daha yaxşı başa düşürdüm!

Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın!

Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz qalmışdı.

Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi.

Özümə gəlmədən növbəti dəfə eyni adam daxil olmaqla, digər əsgərlərin təcavüzünə məruz qaldım. Üzünü cırdığım yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacın üstümə tökürdü, “sizi belə məhv etmək lazımdır”deyirdi!

Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur!

Amma hər dəfə diksinib özümə gəlirdim!

Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi.

Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə atmışdılar. Sonradan öyrəndim ki, əsgərlərimizdən biri təsadüfən xırıltımı eşidib, məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutulmuşdu.

Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər avtomat və bomba səsləri oldu…

Nə uşaqlığımı yaşaya bilmədim, nə gəncliyimi, nə qadınlığımı. Sevişmə sonrası qadın olmadım mən!
Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir bilmədim!

Əsir oldum, övlad oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim!

Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl yerini görəndə, üzümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağımdan getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim! Qadınlığı rədd etdim!

Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla göstərənlərin isə vicdanına təcavüz edilmişdi.
12 il yaşadığım Xocalı, ağlımda 4 gün və bir adla yadımda qaldı. Təcavüz!!!

Türkan TURAN

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *