Uorlik görüşün vaxtını dedi
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın bir neçə həftədə görüşü ola bilər. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
ANS PRESS-in məlumatına görə, o deyib ki, hərbi əməliyyat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində səylərdə məyusluq yarada bilər: "İl ərzində biz bir neçə dəfə onun şahidi olduq ki, təmas xəttindəki istənilən zorakılıq destabilizasiya yaradır və bu, tərəflər arasında təhlükəli eskalasiyaya gətirib çıxara bilər. Biz tərəflərin fikirlərini eşitmək üçün regiona müntəzəm səfərlər edirik.
C.Uorlik həmsədrlərin regiona növbəti səfərinin tarixinin dəqiqləşdirilmədiyini söyləyib.
O ümidvar olduğunu vurğulayıb ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri irəliləyiş yollarını müzakirə etmək üçün görüşəcəklər. Həmçinin prezidentlər 2014-cü ilin oktyabrında Paris sammitində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər və dialoqu davam etdirəcəklər. Münaqişənin həlli danışıqlar yolu ilə, siyasi iradə nümayiş etdirməklə mümkündür.
Mənbə:> ANSPRESS