Cəbhəyanı bölgədə partlamamış hərbi sursat aşkarlandı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib. Bu barədə ANS PRESS-ə ANAMA-nın mətbuat xidmətindən daxil olan hesabatda bildiriblib.
Tərtər rayonunun Qaradağlı kəndində 3 ev və həyətyanı sahələrdə 6 partlayış yerinə baxış keçirilib, 6 partlamış sursat aşkar edilib və 9 900 kvadratmetr ərazi yoxlanılıb. Rayonun Qapanlı kəndində 3 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamış və 1 ədəd 85 millimetrlik partlamamış top mərmisi aşkarlanaraq götürülüb, 7200 kvadratmetr ərazi yoxlanılıb.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 4 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və nəticə etibarlı ilə 450 kvadratmetr ərazi yoxlanılıb.
Füzuli rayonunun Horadiz şəhərində 8 otlaq sahəsində 8 partlayış yerinə baxış keçirilib, 8 partlamış sursat aşkar edilib və 930 kvadratmetr ərazi yoxlanılıb.
Həmin gün agentlik tərəfindən 10 ev, 8 otlaq sahəsi, 22 partlayış yeri, 18 min 400 kvadratmetr ərazi yoxlanılıb və 1 partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
Ümumilikdə, agentlik tərəfindən aprelin 07-dən 17-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 270 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar tərəfindən minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Mənbə:> ANSPRESS