Mərkəzi Bank hərəkətə keçdi
Azərbaycan Mərkəzi Bankı (AMB) Dağlıq Qarabağda aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı “VISA Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatlarına rəsmi müraciət edib.
ANS PRESS-in məlumatına görə, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.
Məlumatda bildirilir ki, AMB beynəlxalq kart təşkilatlarına bu məsələni ciddi nəzarət altında saxlamağı tapşırıb.
“Cari ilin əvvəlində “MasterCard Worldwide” təşkilatının veb səhifəsində Dağlıq Qarabağ ərazilərinin Ermənistan Respublikasının daxilində göstərilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aşkar olunaraq təşkilatın rəhbərliyinə ciddi irad bildirilib və qısa zaman ərzində anlaşılmazlıq aradan qaldırılıb. Təşkilat tərəfindən verilən məlumata görə hazırda bu məsələ texniki səbəblərə görə yaranıb və Mərkəzi Bankın növbəti müraciəti əsasında artıq aradan qaldırılıb. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı məsələlər mütəmadi olaraq Mərkəzi Bankının diqqət mərkəzindədir. Belə ki, son illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra pul köçürmə təşkilatlarının Mərkəzi Bankın icazəsi olmadan həmçinin Qarabağda fəaliyyət göstərməsi aşkar olunaraq qarşısı alınıb”, - deyə məlumatda vurğulanır.
Mənbə:> ANSPRESS