“Qırmızı Körpü”də Azərbaycan sərhədçisi həlak oldu
Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.
Virtualaz.org bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Gürcüstana "bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.
İlkin ehtimala görə qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verib. Hazırda hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.
Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb. Hazırda “Qırmızı Körpü” (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir”.
Mənbə:> Virtualaz.org